“Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir”- Deputat Aydın Hüseynov

“Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərində və əldə olunmuş nəticələr dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir”. Bu barədə Milli Məclisin üzvü Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, 6 aprel Brüssel səfəri göstərdi ki, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format - Brüssel sülh gündəliyi yaranıb. Bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar qurulub, telefon danışıqları keçirilib: “Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Görünən odur ki, Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Azərbaycanla Avropa İttifaqı, onun sədri Şarl Mişel arasında səmərəli və konstruktiv əməkdaşlıq mövcuddur. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artmasını görürük. Habelə, Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Burada ən diqqətçəkən və milli maraqlarımız üçün əhəmiyyətli məqamlardan biri isə odur ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır”.