Aygün Əliyeva Gəncə terrorundan danışıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Gəncə terrorunun ikinci ildönümü ərəfəsində beynəlxalq konfransın təşkil edilməsinin əhəmiyyətindən danışıb, Ermənistanın döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzində mülki əhaliyə və infrastruktura vurduğu ziyanın hərbi cinayətkarlığın və barbarlığın göstəricisi olduğunu qeyd edib: “Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən müharibə cinayətləri bu gün də davam edir, 30 il ərzində mina partlayışı nəticəsində 3000-dən artıq Azərbaycan vətəndaşı həyatını itirib və ya xəsarət alıb. İşğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə aşkar edilən kütləvi məzarlıqlar isə azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin bariz nümunəsidir. Regionda yaranmış yeni siyasi reallığı nəzərə alaraq, vətəndaş cəmiyyəti nümayəndələri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallığını davam etdirməli, Ermənistanın “ Müharibə qurbanlarının müdafiəsi haqqında” , “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” və. s. konvensiyaların normalarını kobud şəkildə pozduğunu və beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır” .