Azay Quliyev: "ATƏT PA Ukrayna və Rusiya Parlamentarilərinin görüşünü təşkil etməyə hazırdı"

11-13 mart tarixlərində keçirilən Antaliya Diplomatiya Forumunda ATƏT PA-nı qurumun vitse-prezidenti Azay Quliyev və Baş Katib Roberto Montella təmsil edib. Bu barədə ATƏT PA-nın bu gün yaydığı açıqlamada deyilir.

Açıqlamada vurğulanır ki, Azay Quliyev Parlament diplomatiyasına həsr olunan paneldə çıxışı zamanı bildirib ki, "vəziyyətin nə qədər ağır olmasına baxmayaraq  Ukraynada yaranmış böhranın tezliklə həlli üçün parlament diplomatiyasının imkanlarından maksimum istifadə etmək lazımdır. Bu baxımdan ATƏT PA Ukrayna və Rusiya nümayəndə heyətləri arasında təxirəsalınmadan dioloqu təşkil etmək məqsədilə tərəflərlə təmasdadır. Ümid edirəm ki, belə bir dialoq yaxın zamanlarda mümkün olacaq və ATƏT PA bunun üçün bütün imkanları yaratmağa hazırdır"

Baş katib Roberto Montella da öz növbəsində qeyd edib ki, Antaliya Forumu Ukraynada humanitar fəlakətin yaşandığı dövrə təsadüf edir. Biz əlimizdən gələn hər şeyi etməliyik ki, Ukraynadakı mülki vətəndaşlar bir başa hədəf seçilməsin, humanitar böhranın və  münaqişənin həlli üçün konkret addımlar atılsın. Baş katib Antaliya Diplomatiya Forumunda keçirilən çoxsaylı görüşlərin nəticə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.