Azərbaycan beynəlxalq siyasi-intellektual mərkəzə çevrilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müxtəlif sahələrdə dünyada nüfuzu artır. Azərbaycan idman ölkəsi və multikulturalizmin mühüm mərkəzlərindən biri kimi tanınır. Eyni zamanda, ölkəmiz dünyanın bu günü və gələcəyi üçün həyati əhəmiyyət kəsb edən qlobal mövzuların müzakirə olunduğu ciddi siyasi və intellektual platformaları ilə seçilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

O qeyd edib ki, martın 9-dan 11-dək ölkəmizdə keçirilmiş X Qlobal Bakı Forumu buna bariz nümunədir. Qlobal Bakı Forumunun builki toplantısına 61 ölkədən təqribən 360 nəfərə yaxın nüfuzlu siyasi lider, ictimai xadim, alim və ekspert qatılmışdı. Onlardan 50-dən çoxu hazırkı və ya sabiq prezident və ya baş nazirlər idi.

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilmiş builki Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış etmişdir. O, çıxışında ölkəmiz, region və dünya üçün əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunmuş, öz fikir və mülahizələrini bölüşmüş, müxtəlif hadisə və proseslərə dair baxışlarını Forum iştirakçılarının diqqətinə çatdırmışdır. Qlobal Bakı Forumunun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev çıxışında Nizami mövzusuna toxunaraq bir daha Nizami Gəncəvinin qədim Azərbaycan şəhəri Gəncədə doğulduğunu, yaşayıb-yaratdığını və Gəncədə də vəfat etdiyini qeyd edərək onun böyük Azərbaycan şairi olduğunu və Azərbaycan mədəniyyətinin ayrılmaz parçası olduğunu diqqətə çatdırdı.

Nizami Gəncəvinin əsərlərində ifadə olunan tolerantlıq və multikulturalizm ruhu bu gün Azərbaycanda dövlət siyasəti kimi yeni bir inkişaf mərhələsini yaşayır. Bu siyasət vasitəsilə Azərbaycanda əsrlər boyu mövcud olmuş multikulturalizm ənənələri inkişaf edir, ölkədə etnik və dini azlıqların hüquqları, mədəniyyətləri və dəyərləri qorunur. Bu mövzuya toxunan Prezident İlham Əliyev müxtəlif etnik və dini qrupların Azərbaycanda dinc və ləyaqətlə yaşadığını vurğuladı.

Təbii ki, Azərbaycanda mövcud olan bu nümunəvi mühit Qarabağda yaşayan ermənilərin reinteqrasiyası və daha yaxşı həyat yaşamaları üçün bir model deməkdir. Amma təəssüflər olsun ki, Ermənistan və onun havadarları böyük sülh sazişinin imzalanmasını yubatmaqla və ona mane olmaqla bu prosesə xələl gətirirlər. Bütün bu neqativ hallara baxmayaraq, Azərbaycan sülh üçün səylərini əsirgəmir.

Prezident İlham Əliyevin Bakı Qlobal Forumunda toxunduğu mühüm mövzulardan biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və bu sahədə gələcək layihələr barədə idi. Xüsusən Azərbaycanın ənənəvi neft və qaz ixracından savayı, Avropaya yaşıl enerji ixracı diqqətəlayiq məsələdir. Azərbaycanda istehsal ediləcək bərpaolunan enerjinin Qara dənizin dibindən keçməklə elektrik xətləri vasitəsilə Avropa ölkələrinə çatdırılması enerji xəritəsində mühüm dəyişiklik olacaq. Beləliklə, Azərbaycan dünyaya tolerantlıq və multikulturalizm ideyaları, neft və qazla yanaşı, həm də yaşıl enerji ixrac edəcək.