Azərbaycan bölgədə sülh və əməkdaşlığın təminatçısıdır

Bütün dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurduğu münasibətlər dövlətimizin qlobal arenada mövqeyini getdikcə gücləndirir. Bu gün tək bizim daxil olduğumuz regionda deyil, bütövlükdə dünyada nəzərdə tutulan layihələrdə Azərbaycan Respublikasının maraqları və mövqeyi nəzərə alınır. Bu baxımdan Prezident İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakı da ölkəmizin xarici siyasət kursunda önəmli yer aldı. Əvvəla, qeyd edək ki, dünyanı bürüyən münaqişələr, təhdidlər fonunda davamlı sülhün bərqərar olunması istiqamətində Münxen Konfransı vacib platformadır. Bu konfransa ölkəmizin başçısının ali qonaq kimi dəvət olunması dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, Azərbaycanın dünyada sülh tərəfdarı olduğunun bir daha təsdiqi və sübutudur. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşləri, müzakirələr isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, səfərin ilk günündə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə Prezident İlham Əliyev alman şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını və uğurlu təcrübəmizin olduğunu qeyd edərık ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğuladı. Ölkəmizin başçısı həmçinin, bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanlar var.

Bununla yanaşı, Prezident Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və mötəbər qurumla ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığından söhbət açdı.

Xüsusilə Münxen Konfransı Ermənistanın sülh müqaviləsindən yayınmasının ifşası baxımdan da böyük əhəmiyyətə malik idi. Dünya birliyi bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmsına rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təklifi ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir daha ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi sülhpərvər mövqeyi ilə dünyaya öz prinsipini göstərmiş oldu.

Bu günə qədər danışıqlardan qaçan Ermənistanı Azərbaycan lideri Münxendə növbəti dəfə ifşa etdi.

Prezidenti İlham Əliyevin “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını xahiş etdi. Prezident Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində ölkəmizin başçısı Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlməsinin vacibliyini şərt kimi diqqətə çatdırdı. Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırıılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi.

Deputat sonda qeyd edib ki, Münxen Konfransında Azərbaycan Prezidentinin diplomatik demarşı ilə yadda qaldı və ölkəmizin növbəti siyasi uğuru olaraq müstəqillik tarixinə yazıldı. Qalib ölkə liderinin Münxendə ortaya qoyduğu mövqe dövlətimizin beynəlxalq miqyasda siyasi, iqtisadi üstünlüklərinin açıq-aydın ifadəsi idi.