Azərbaycan diplomatiyasının Brüssel uğuru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri ilə keçirdiyi üçtərəfli görüşünün nəticələri bir daha əyani formada nümayiş etdirdi ki, regionda sülhün, beynəlxalq təhlükəsizliyin bərqərar olunmasına, post-münaqişə dövrünün bütün problemlərinin beynəlxalq hüquq normaları əsasında həll edilməsinə alternativ yoxdur. Növbəti dəfə dövlətlərarası münasibətlərin nizama salınması üçün Azərbaycan diplomatiyasının bəyan etdiyi yanaşma birmənalı olaraq təsdiqini tapdı və ölkəmiz tərəfindən irəli sürülən beş prinsipin danışıqlar ücün əlverişli bünövrə olunması təsdiqini tapdı.
Müzakirə edilən bütün məsələlərin önəmli xarakter daşımasını vurğulayaraq, eyni zamanda qeyd etmək lazımdır ki, Brüssel görüşünun ən mühüm aspektləri sırasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası xüsusi yer tutur. Məlum olduğu kimi, 26 noyabr 2022-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprel ayının sonunadək Müştərək sərhəd komissiyasının yaradılması haqqında razılıq əldə edilmişdir. Bu komissiyasının mandatına iki mühüm elementin daxil edilməsi nəzərdə tutulmuşdur: 1) dövlət sərhədinin delimitasityası; 2) sərhədboyu istiqamətdə və sərhədlərin yaxınlığında dayanıqlı təhlükəsizlik vəziyyətinin təmin edilməsi.
Müzakirə edilən əhəmiyyətli məsələlərdən birini də tərəflərin suverenliyi prinsipinə riayət olunmaqla, nəqliyyat infrastrukturunun, və xüsusilə də dəmir yolu xəttlərinin bərpası, gömrük və sərhəd keçid məntəqələrtinin qarşılıqlı əsaslarla formalaşması təşkil etmişdir.
Diqqəti cəlb edən edən məqamlardan biri də ondan ibarətdir ki, otuz ilə yaxın müddətdə tam fəaliyyətsizliyini nümayiş etdirən ATƏT-in Minsk Qrupuna heç bir istinad olmamışdır. Bu bir tərəfdən bu qurumun artıq heç bir səmərəli rola malik olmamasını, digər tərəfdən isə beynəlxalq hüququn fundamental prinsiplərinə asaslanan ölkəmizin mövqeyinin regionda formalaşan yeni formatın inkişafı üçün ən uyğun platforma olmasını təsdiq etdi.

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü