Azərbaycan dövlətçiliyinə sədaqət andı

Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azər­bay­canda “Heydər Əliyev ili” elan edildi. Bütün idarə və müəssisələrdə, güc strukturlarında, ali və orta mək­təb­lərdə böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olun­muş tədbirlər keçirildi, keçiriləcək də. Bu tədbirlər Ulu Öndərin ömür yolunu, fəaliyətini əhatə edir, siyasi ir­sinin başlıca xüsusiyyətləri, əhatəsi, mahiyyəti və s. xatırladılır. Belə tədbirlər ilin sonuna kimi keçirilə­cək­dir ki, bu tədbirlər yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını daha da yük­səldəcəkdir...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin 100 illiyi ilə əla­qə­dar Şuşadan xalqa müraciət edib. Bu müraciətin mahiyyəti bəşəri ehtiramdır, Azərbaycan naminə yaşanılmış ömürə ümumxalq sevgisinin ifadəsidir.

Bu müraciətdə səsləndirilən fikirlər kəlam qüdrətindədir. İkinci Qarabağ müharibəsində qaza­nı­lan Zəfər Şuşanın adı ilə bağlıdır. Ona görə də xalq Şuşanın işğaldan azad edulməsini mü­ha­ri­bənin sonunun ərəfəsi bilmişdi və iki gün sonra müharibə başa çatmışdı. Xalqın bu qərarı tarixi Zə­fərin mahiyyətini də tarixləşdirdi, Şuşanın müharibənin istinad yaşayış məntəqəsi olduğunu da. Bu səbəbdən ölkə başçısı bu müraciətində Şuşanı Zəfərimizin rəmzi, Zəfərimizin tacı ad­lan­dıraraq qeyd etdi ki, bu qələbə Zəfərin əsas hissəsi idi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa bu müraciətində böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana xidmətlərinin bir hissəsini xatırlatdı. Bu xidmətlərin hər biri tarixi xidmətlərdir. Cənab Prezident qeyd etdi ki, “Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa vermə­sin­dən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən baş­la­mışdır. Əgər Heydər Əliyev hakimiy­yətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çir­kin əməllərə əl atmağa cürət etməzdilər”. Zaman anlamında dünənlərin tarixi həm də Azərbay­ca­nın ta­ri­xidir, Azərbaycanın dövlət müstəqil­li­yinin bərpasından sonra başlayacaq siyasi qarşıdur­ma­ların, milli zəmində başlayan proses­lərin tərkib hissəsi olmuşdu. Azərbaycanda baş verənləri duyan, ona siyasi qiymət verən, bu proseslərin nə ilə nəticələnə biləcəyini güman edən böyük tarixi şəxsiyyətin nüfuzu Azərbaycanı gözəgörünməz bəla­lardan mühafizə edirdi. Azərbaycan Respubli­ka­sının Prezidenti cənab İlham Əliyev xalqa müra­ciətində bu məqamlara diqqət yetirərərk dedi: “Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çə­tir kimi qoruyurdu. 20 Yanvar faciə­sin­dən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırmışdır. Yanvarın 21-də Azər­baycanın Moskvadakı daimi nümayəndə­li­yinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir”.

Bu hadisələrdən sonra böyük siyasət və dövlət xadimi Heydər Əliyev 1990-cı ilin iyul ayın­da Azərbaycana qayıtdı. Bu qayıdış mövcud siyasi rejimə etiraz olmaqla, dövlət müstəqilliyi bərpa edilmiş respublikanın sabahlarını imperiyanın ehtimal edilən təzyiq­lə­rindən qorumaq idi. Ulu Öndər Moskvadan Bakıya qayıtmışdı. Ancaq Azərbaycanın ovaxtkı rəhbərliyi nə siyasi vəziyyətin gər­ginliyini nəzərə almışdı, nə də idarəçiliyin gərəkli səviyyədə olmadığını. Nəzə­rə almadığı üçün də dahi şəxsiyyətin Bakıya gəlişinə mane olmuşdu. Buna görə Ulu Öndər Naxçıvana getməyə məcbur olmuşdu.

Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlamışdı. Bu müharibə Naxçı­van­dan da yan keçmirdi. Ermənistan Naxçıvana qarşı da hərbi əməliyyatlar aparırdı. Həmin dövrdə böyük tarixi şəxsiyyət Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi və səlahiyyətlərindən istifadə edib Naxçıvanın müdafiəsini təşkil edirdi. Müdrukliyi ilə, siyasi təfəkkürü ilə, hadisələr arasında məntiqi bağlılıq görmə qabiliyyəti ilə, ...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ulu Öndər Hey­dər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində tam blokadada olan Naxçıvan torpaqları erməni iş­ğa­lına məruz qalmadı. Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Nax­­çı­van da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləş­miş­dir.

Müstəqilliyə gedən yolun məhz Naxçıvandan başladığını qeyd edən cənab Prezidentimiz dedi: “Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Nax­çı­van Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır”.

Azərbaycanda hakimiyyət boşluğu yarananda, separatizm aşkar fəaliyyətə başlayanda, mil­li qarşıdurma yaranma ərəfəsində olanda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə ha­ki­miy­yətə dəvət etdi. Xalqın istəyini Azərbaycanın qurtuluş harayı bilən Ulu Öndər Baklya qayıtdı...

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Heydər Əliyev ili”ndə Şuşadan xalqa müraciə­tində dedi: “Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha gös­tər­di. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Mü­savat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azər­bay­can dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etmişlər”.

Azərbaycanda gənc nəsil milli-mənəvi dəyərlər əsasında formalaşır, onların dünyagörüşü bu dəyərlərlə genişlənir. Təkcə milli-mənəvi dəyərlərlə məhdudlaşmayan bu proses dünyəvi də­yər­ləri də böyük maraqla öyrənir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərləri yaşadır, həm də dünyəvi dəyərlərin daşıyıcısıdır. Xalqa Şuşadan bu müraciətdə bu kimi məqamlar da diqqətə çatdırıldı: “Gənc nəsil öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olma­lı­dır. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Elə bir gənc nəsil yetişib ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ər­zində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali baş komandan İlham Əliyev”.

Bu kəlamlar hər bir azərbaycanlıya 2020-ci il noyabrın 8-də yaşadığı qüruru yenidən yaşa­dır. Bu qürur Azərbaycan Ordusuna olan qürurdur. Bu qürur Azərbaycana olan qürurdur. Bu qürur Ali Baş Komandanın sərkərdəlik qüdrətinə olan qürurdur. Bu qürur Azərbaycanın daha nurlu sabahlarına inamın qürurudur...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa bu müraciəti də tarix­dir. Müraciətdə deyilən “Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaq­la­rımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bü­töv­lüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış mən­tə­qəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik” fikri Azərbaycan dövlətçiliyinə sədaqət andıdır...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı