Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb

Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır.

Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə bərabər, onun sosial-iqtisadi inkişafına da mühüm təsir göstərir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin fəal üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz sahibi kimi tanınır. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilən təcrübənin, formalaşan yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanıb.

Onu da qeyd edək ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Hazırda kosmik texnologiyaların inkişafında uğurlar qazanan, milli peyklərinin sədası kosmosdan gələn, mühəndis-texniki kadrların hazırlanmasında dünya təcrübəsinə söykənən müstəqil Azərbaycanın elmi mühitində bu sahənin tərəqqisində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun diqqət və qayğısı, mövcud sahənin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət əbədiləşmiş, ölkəmizin kosmos salnaməsində möhtəşəm yer tutmuşdur.

Cari ilin oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda son 10 il ərzində müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edildiyini vurğulayaraq bildirmişdir: “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər”.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsi barədə qərar, ilk növbədə, Azərbaycanın beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsində geniş təşkilatçılıq təcrübəsinin olması ilə bağlıdır. Digər tərəfdən, ölkəmiz “Kosmik klub”un fəal üzvüdür, bu sahədə aktiv işləyir, sürətlə inkişaf edir. Ölkə başçısı cənab İlham Əliyev çıxışında bu nüfuzlu tədbirin respublikamızda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini diqqətə çatdıraraq qeyd etmişdir: “Biz Azərbaycanda bu sahəni inkişaf etdirməyə böyük maraq göstəririk. Ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir”.

Beləliklə, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır.

 

Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim