“Azərbaycan Ermənistanı sülhə məcbur edəcək və dünyada bunun qarşısını ala biləcək güc yoxdur”

“2020-ci ilin yayında Ermənistan Azərbaycana qarşı olan təxribatlarını daha da intensivləşdirdi. Aydın hiss olunurdu ki, təcavüzkar Ermənistan işğalçılıq siyasətini genişləndirmək istəyir. Çünki 2019-cu ildə Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-a səfəri zamanı çıxışlarında “yeni ərazilər naminə yeni müharibələr” fikrini səsləndirmişdi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu Vətən müharibəsində əldə edilən qələbənin memarı, tarixə yazılan 44 günlük qələbədə Azərbaycan ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rolu, dövlət başçısının həyata keçirdiyi siyasətin vacib əhəmiyyətindən danışarkən deyib.

O bildirib ki, o dövrdə Tonoyan bu fikri ifadə etməklə Ermənistanın işğalçılıq siyasətini kənar qüvvələrin də dəstəyi ilə leqallaşdırmaq istəyirdi:

“Əlavə olaraq da Ermənistan yenidən Azərbaycan torpaqlarını işğal etmək istəyirdi. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində Azərbaycanla sərhədi boyunca növbəti genişmiqyaslı təxribat həyata keçirən Ermənistan silahlı qüvvələri Ordumuzun layiqli cavabını alaraq geri oturdu. Lakin eyni ilin sentyabrında Ermənistan yenidən təxribatlara başladı. Bu dəfə Azərbaycan Ordusu Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatları ilə 30 ilə yaxındır işğal altında olan torpaqlarını da geri aldı. 44 gün ərzində biz torpaqlarımızı işğaldan azad etdik. Vətən müharibəsində tarixi qələbəyə imza atdıq. Prezident İlham Əliyev dünyanın ən mötəbər tribunalarından Azərbaycanın haqq səsini, həqiqətləri əsaslandırılmış formada səsləndirirdi. Dünya ictimaiyyəti artıq bu arqumentləri qəbul edir, Ermənistanın saxta təbliğat maşınına fikir vermirdi. Eyni zamanda Qarabağın tarixi Azərbaycan torpağı olduğu əsaslı və faktlarla o qədər elan edildi ki, hətta Ermənistanın baş naziri Paşinyan da Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etdi”.

Deputat onu da əlavə edib ki, Vətən müharibəsi dövründə Azərbaycana əsassız ittihamların sayı da az oldu:

“Bunun səbəbi odur ki, Prezident İlham Əliyev Vətən müharibəsinin siyasi elementlərini çox dəqiqliklə, müdrikliklə nümayiş etdirdi. Bu qələbə Azərbaycanın necə dözümlü, mərd xalq olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman torpaqları uğrunda fədakarcasına mübarizə aparmağa hazırdır. Dünyanın ən reytinqli cədvəllərində Azərbaycan Ordusu davamlı olaraq dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Azərbaycan Ordusunun gücü, döyüşə hazırlığı və müdafiəyə hər zaman hazırlıqlı olması beynəlxalq normalar çərçivəsində təkmilləşdirilib.

Bu gün işğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işlərinin bu qədər sürətlə getməsi də onu göstərir ki, ölkə başçısı bütün bu məqamları incəliyinə qədər düşünüb. Artıq Qarabağda iki aeroport – Füzuli, Zəngilan Hava Limanları istifadəyə verilib. Laçında inşa edilən hava limanının da yaxın gələcəkdə açılışının olacağı gözlənilir. Bu da Azərbaycanın iqtisadi potensialının da yüksək olduğunu göstərir.

Bu gün biz çalışırıq ki, Ermənistanla sülh sazişinin imzalanmasını təmin edək, lakin Ermənistan hər vasitə ilə sazişi imzalamaqdan yayınmağa çalışır. Qismən də olsa məğlubiyyətini yüngülləşdirməyə çalışır, kənarda özünə dəstək axtarır. ATƏT-in Minsk qrupunun fəaliyyətini dirçəltməyə çalışır, amma Minsk qrupunun fəaliyyəti üçün əsas yoxdur, münaqişə sona çatıb.

Azərbaycanın sülh sazişi üçün qarşı tərəfə 5 şərt irəli sürüb. Ermənistan isə sazişdən yayınmaq üçün hər yola əl atır, amma unutmasınlar ki, Azərbaycan kifayət qədər hərbi, siyasi , iqtisadi gücə malikdir. Azərbaycan bu güclə təcavüzkar Ermənistanı sülhə məcbur edə bilər, bu proses artıq başlayıb və bu prosesin qarşısını ala biləcək hər hansı güc mövcud deyil”.