“Azərbaycan haqlı tərəfdir və ərazilərinin tam bərpasına çalışır”

“Ermənistanda anlamaq istəmirlər ki, indi ötən əsrin 90-cı illəri deyil və Azərbaycan da çox dəyişib, həm iqtisadi, həm də hərbi güc nöqteyi-nəzərindən. Zaman da Azərbaycanın xeyrinə işləyir. Ermənistandakı bəzi qüvvələr əvəz çıxmağa, Qarabağı və ətraf rayonlarımızı yenidən işğal etməyə çalışırlar. Amma Azərbaycanla güc dili ilə danışmağın onlara nə qədər baha başa gələcəklərini bilməmiş deyillər. Məsələ burasındadır ki, Ermənistandakılar prosesi ən azından uzatmağa çalışırlar. Bu da həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan görüşlərdə əldə edilən razılaşmaların ruhuna ziddir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri, iki ölkə arasında sülh prosesinin indiki vəziyyəti, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları barədə Prezident İlham Əliyevin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində dediyi kimi, qarşı tərəfə bizim cavab addımlarımız da adekvat olacaq: “Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, biz də Qərbi Zəngəzura iddia qaldıra bilərik. Zəngəzur mahalı bütün zamanlarda Azərbaycanın ərazisi olub. Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra Stalinin əmri ilə Ermənistana verilib. O dövrün hakimiyyət mənsubları bu itki ilə barışmaq məcburiyyətində qalıblar. Amma indi zaman fərqlidir, ölkəmiz regionda, dünyada müstəqil siyasət yürüdür, milli maraqlarımızdan çıxış edərək addımlarımızı buna görə atır. Eyni zamanda Azərbaycan haqlı tərəfdir, 30 il dünyada ədalət axtarıb, ərazilərinin bərpasına çalışıb, Ermənistanın təcavüzkar, işğalçı olduğunu dəfələrlə ən yüksək tribunalardan sübut edib. İkili standartların qəbuledilməzliyini bu platformadan çıxış edənlərin özlərinə birbaşa çatdırıb və bu addımların dünyada presedent olacağını xatırladıb. Bu gün Ermənistanın əvvəlki kimi, Qarabağa təsir etmək imkanlarının getdikcə zəifləməsində də Azərbaycanın yürütdüyü siyasətin böyük rolu var. Bu, reallıqdır. Qarabağda yaşayan ermənilər artıq görürlər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Qarabağda yaşayan ermənilər bunu nə qədər tez dərk etsələr, o qədər də yaxşı olar".