Azərbaycan hədəfə doğru gedir

Ekoloji problemlər hər zaman ölkəmizin gündəmindədir. COP29-un keçirilməsi Azərbaycana həvalə edilməmişdən əvvəl də ölkəmiz ekoloji problemlərlə ciddi məşğul olub və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışıb.Hazırda Xəzər dənizində su səviyyəsinin azalma tendensiyası gedir. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Belə olan halda gəmilər üçün daha çox kanal qazmalıdır. Əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, təkcə ciddi ekoloji problem deyil, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşanacq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Ölkəmiz ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görür.

Azərbaycanda 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Ölkəmizdə olan əsas investorlar dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir. Qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olar. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Bütün bunlarla yanaşı, Azərbaycan artıq investorlarla birlikdə yaşıl enerji layihələrinə investisiyalar yatırmağa başlayıb.

ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, neft ölkəsi olması Azərbaycanın günahı deyil. Bu resurslardan necə istifadə edildiyinə baxmaq lazımdır. Azərbaycan dövləti bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edir. Bu gün sabit neft və artan qaz hasilatına malik Azərbaycan, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdirir. Ölkəmizin Avropaya qaz təchizatı 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Azərbaycan bu hədəfə doğru gedir. Bu il ölkəmizin Avropaya qaz təchizatı təqribən 12 milyard kubmetr olacaq ki, bu da 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur.

Ölkə başçısı Forumda diqqətə çatdırdı ki, biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə, ölkəmizin əsas məqsədlərindən biri hazırda ixracı şaxələndirməkdir. İqtisadiyyatın digər sahələrində ixrac üçün Azərbaycana bazarlar lazımdır. Lakin müəyyən məhdudiyyətlər və kvotalar səbəbindən ölkəmizin Avropa bazarına, Avropa İttifaqının bazarına və sair yerlərə asan çıxışı yoxdur. Azərbaycan üçün əsas bazarlar qonşu ölkələrdir. İlk növbədə, Rusiya və Türkiyə qeyri-enerji məhsulları üçün əsas bazarımızdır. İxracı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, həmçinin ölkənin çıxışı da olmalıdır.

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev Azərbaycanın Rusiya, Türkiyə, İtaliya, Almaniya və Çinlə olan əlaqələrindən də bəhs etdi. Ölkə başçısı Forumda həmçinin COP29-un Azərbaycanda keçirilməsindən və bunun ölkəmizin əsas uğurlarından biri olması haqqında da geniş fikir bildirdi. 

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri