Azərbaycan-İsrail münasibətləri bütün dünya üçün sülh və dostluq nümunəsidir

Müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşan dövlətimizin beynəlxalq nüfuzu günü-gündən artır, cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində dünya dövlətləri ilə səmərəli və qarşılıqlı əməkdaşlığımız inkişaf etməkdə davam edir. Bizim üçün xarici siyasətdə ən böyük uğurumuz dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu və balanslaşdırılmış münasibətlərin qurulmasına nail olmağımızdır. Münasibətlərimizin dostluq və qarşılıqlı anlaşma üzərində qurulduğu, əlaqələrin dinamikasının çox müsbət xarakterizə olunduğu belə öklələrdən biri də İsraildir.

Hər şeydən öncə qeyd edim ki, Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Uzun illərdir ki, yəhudi icmasının üzvləri Azərbaycanda sülh və dostluq şəraitində yaşayırlar. Yəhudi icması Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi azərbaycanlılarla və ölkəmizdə yaşayan digər millətlərlə bərabərhüquqlu millət kimi yaşayıb, bu xalqlar hər zaman bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə yanaşıb və heç bir ayrıseçkiliyə məruz qalmayıb.

Son dövrlərdə Azərbaycan-İsrail əlaqələrinin dinamikası daha da artıb və bunun nəticəsidir ki, ötən ilin sonlarında Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qərar qəbul olunub. Bu ilin əvvəlində isə səfirliyimiz rəsmən İsraildə fəaliyyət göstərməyə başlayıb. Əslində əhalisinin əksəriyyətinin müsəlmanlar təşkil etdiyi ölkəmizin İsraildə səfirliyinin açılması olduqca tarixi hadisədir və bu yalnız iki ölkə arasında deyil, bütövlükdə region və Yaxın Şərq ölkələri arasında münasibətlərin müsbət istiqamətdə inkişafı üçün yeni imkanlar açır. Bu hadisə eyni zamanda bir daha sübut edir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dünya ölkələrinə nümunə olacaq səviyyədə balanslaşdırılmış və qlobal xarici siyasət həyata keçirir. Biz regionda yalnız sülhün tərəfdayıq, ölkələr arasında terror və təcavüzün, beynəlxalq münaqişələrin yaranması hallarının qarşısını almaq üçün istənilən xoş niyyətli dünya dövləti ilə əməkdaşlıq etməyə hazırıq. İsrail Prezidenti də mətbuata bəyanatında bu məqama xüsusi toxunaraq qeyd etdi ki, sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir.

Əminik ki, İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ölkələrimiz arasında əlaqələri daha yüksək səviyyəyə qaldıraraq bütün sahələrdə olduğu kimi regionda sülhə nail olmaq uğrunda qarşılıqlı əməkdaşlığımız üçün də imkanlarımızı genişləndirəcək. Bu baxımdan qeyd edək ki, ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq artıq uzun müddətdir ki, mövcuddur. Prezident İlham Əliyev də bu əməkdaşlığa xüsusi önəm verərək qeyd etmişdir ki, Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Yeri gəlmişkən, qeyd edim ki, qardaş Türkiyənin də son zamanlarda İsrail ilə əməkdaşlığı daha intensiv xarakter almışdır, İsrail və Türkiyə Yaxın Şərqdəki strateji maraqlarını uzlaşdırmağa çalışır ki, bu da ölkəmizin ən mühüm siyasi aktor kimi çıxış etdiyi Cənubi Qafqaz regionu üçün də müsbət qiymətləndirilməlidir.

İsrail Prezidentinin bu səfəri ölkələrimiz arasında əlaqələrin digər sahələrini və planlaşdırdığımız birgə layihələri daha geniş müzakirə etmək üçün önəmli imkan yaratdı. Əməkdaşlıq etdiyimiz sahələr isə olduqca genişdir, ticarət dövriyyəsinin şaxələndirilməsi, enerji sahəsində sıx əməkdaşlığın daha da intensivləşdirilməsi və interkonnektorların yaradılması, kənd təsərrüfatı sahələri üzrə birgə layihələr hazırlanması, ixrac bazarının genişləndirilməsi, eləcə də təhsil, mədəniyyət, səhiyyə, kibertəhlükəsizlik sahələrində uğurla əməkdaşlıq edirik.

Ölkəmiz son dövrlərdə enerji sahəsində dünya ölkələri ilə əməkdaşlığı daha da genişləndirib. Azərbaycan bu sahədə həm Avropanın etibarlı tərəfdaşına, həm də qlobal enerji layihələrinin əsas iştirakçılarından birinə çevrilib. Xüsusilə, son zamanlarda ölkəmizdə neft və qaz sahəsində enerji istehsalının və ixracının genişləndirilməsi ilə yanaşı, bərpaolunan enerji mənbələrdən istifadə olunması sahəsində də böyük işlər görülür. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir. Bərpaolunan enerji sahələrində də əməkdaşlığın qurulması, yeni interkonnektorların yaradılması, üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün də böyük imkanlar mövcuddur. Həmçinin həm Azərbaycanın, həm də İsrailin yerləşdiyi əlverişli coğrafi mövqe, Qərblə Şərqin qovşağında yerləşməsi ölkələrimiz üçün enerjinin yalnız istehsalı və ixracı yox, eləcə də tranziti və ötürülməsi üçün də böyük imkanlar yaradır.

İsraillə ticarət dövriyyəsinin şaxələndirilməsində əsas məqsəd isə daha balanslaşdırılmış ticarət dövriyyəsinə nail olmaqdır, yəni, ticarət dövriyyəmiz yalnız enerji amilindən asılı olmamalıdır. Bu Azərbaycanın hazırda həyata keçirtdiyi iqtisadi inkişaf xəttinə də uyğundur. Məlumdur ki, cənab Prezident iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına böyük önəm verir və onun neftdən asılılığının ən aşağı səviyyəyə endirilməsinə çalışır.

İsrail Prezidentinin Azərbaycana bu səfəri təkcə siyasi maraqları, iqtisadi əməkdaşlığı deyil, həm də ölkələrimiz arasında, xalqlarımız arasında uzun illərdir mövcud olan dostuluğu, İsrail dövlətinin Azərbaycana, onun liderinə və Ulu Öndərimizə olan böyük hörmətini simvolizə edir. İsrail Prezidenti İsxak Hersoq bu hörməti cənab İlham Əliyevə xitabən açıq şəkildə ifadə edərək bildirmişdir ki, “Ən əsası odur ki, siz mərhum atanızı yetişdirən millətsiniz, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib”.

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov