Azərbaycan qadınının bütün mənəvi dəyərlərini özündə cəmləşdirən ziyalı

Böyük oftomoloq-alim, sədaqətli silahdaş, gözəl ana Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. Zərifə xanım o xanımlardandır ki, onun həyatı, gördüyü işlər böyük ümmanlar kimi xalqın yaddaşında əbədi  iz buraxır. Əməlləri, gözəl insani keyfiyyətləri ilə  insanların qəlbinə yol tapan bu işıqlı insan uzaqgörən, müdrik siyasətçi, ictimai-siyasi xadim,  görkəmli dövlət  xadimi, elm fədaisi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Yaradan onun alın yazısında dövlət xadiminin qızı olmaqla yanaşı, ümummilli lider  səviyyəsinə yüksəlmiş dahi şəxsiyyətin həyat yoldaşı və müstəqil Azərbaycan dövlətinin  Prezidentinin, müzəffər Ali Baş Komandanın anası  olmaq kimi şərəfli qeydlə buraxmışdı.  O, özünün zərif, kövrək çiyinlərində böyük məsuliyyət və fədakarlıq missiyasını daşıyırdı.

Azərbaycan ziyalısının ən gözəl nümunələrini özündə birləşdirən elm xadimi Zərifə Əliyeva öz peşəsinin vurğunu udi. Onun gənc yaşlarından əyninə  geyindiyi ağ xalat ömrünün sonuna kimi parlaq qaldı. Peşəsinə sadiqliyi, ailə və milli dəyərlərə bağlılığı onu xeyirxah, humanist, ziyalı kimi daha da əfsanələşdirirdi. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Mühüm elmi əsərlər. Elmi araşdırmalar nəticəsində Z.Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olub.

O, SSRİ dövründə ən mötəbər mükafat olan “Averbax” mükafatına layiq görülən ilk qadın idi. Zərifə xanımın fəxri adlarını, elmi titullarını, mükafatlarını saymaqla bitirmək olmaz. Azərbaycan xalqının Ümummilli  Lideri Heydər Əliyev onun haqqında belə deyirdi: “Mənim üçün o, birinci növbədə böyük bir insan, sədaqətli həyat yoldaşı, çox mehriban bir ana idi”.

Təbii ki, daim təhlükəli və məsuliyyətli işlərdə çalışmış, dostları ilə yanaşı düşmənlərinin az olmadığı  Heydər Əliyev kimi böyük şəxsiyətlə məşəqqətli həyat yolunda qoşa addımlamaq, maneələrə sinə gərmək olduqca çətin idi. Ancaq seçilmiş insanlar bunu bacara bilərdilər.

Bu gün Azərbaycan qadını dedikdə gözümüzün qarşısında Sara xatun, Xurşidbanu Natavan, Zərifə Əliyeva, Mehriban Əliyeva kimi qadınlar canlanır. Zərifə xanım heç vaxt Heydər Əliyev şəxsiyyətinin arxasında gizlənmədi, onun nüfuzundan sui-istifadəyə yol vermədi. Xarakterinin gücü, səyi, əməyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində özünə canlı abidə ucaltmışdı.

Necə deyərlər, ailəni göstər, sənin necə insan olduğunu deyim. Bu mənada Zərifə xanımı xöşbəxt qadın hesab etmək olar. O, qeyri-adi bir ana idi və övladlarına olan münasibəti də xüsusi  idi. Belə münasibətin bənzərini tapmaq çətindir. Onun övladlarına məhəbbəti heyrət ediləcək dərəcədə olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibələrinin birində anası haqqında belə deyir: “O mənim üçün ən əziz insan idi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişdi. Mən o vaxtlardakı kimi gülə bilmirəm. Mənim həyatımda xoşbəxt hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O vəfat edəndə mənim böyük  qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu onların tərbiyəsində böyük itkidir”.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Zərifə xanım az yaşadı. Lakin insan həyatının dəyəri heç də illər ilə ölçülmür. Onun işi ilə insanlara, cəmiyyətə verdiyi xeyirlə ölçülür. Zərifə xanım da bütün həyatını xalqına, vətəninə həsr etmişdir.

Zərifə xanımın yüksək vətənpərvərlik, humanizm, nəciblik rəmzi olan nurlu obrazı həmişə bizimlə qalacaq, qədirbilən xalqımızın qəlbində yaşayacaq və həmişə anılacaqdır.

İltizam Yusifov,

Milli Məclisin deputatı