"Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı çox ciddi şəkildə araşdırılır" - Abdullahiyan

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.

Sabahinfo.az-ın məlumatına görə, görüş zamanı İranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı da müzakirə edilib.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.