Azərbaycan və Serbiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Cari ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanat bir daha nümayiş etdirdi ki, iki ölkə ölkə arasında bir çox sahələri nəzərdə tutan və 44 razılaşmanı əhatə edən normativ-hüquqi bazaya söykənən, möhkəm əlaqələr sistemi formalaşmışdır.
Bunların sırasında 2013-cü ildə imzalanmış “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2018-ci ildə imzalanmış “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” xüsusi önəm daşıyır.
İlk növbədə qeyd etmək lazımdır ki, 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb. Bu rəqəmlər göstərir ki, Azərbaycan və Serbiya arasında əməkdaşlığın ciddi perspektivləri var. Məsələn, nəqliyyat-logistika və energetika sahələrindəki əməkdaşlıq bunu əyani surətdə təsdiq edir. Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçin ölkəmizə səfəri çərçivəsində 2022-ci il iyunun 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” imzalanması göstərir ki, ölkələrimiz çeşidli sektorlarda birgə fəaliyyət göstərməkdə maraqlıdırlar.
Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçməsi nəzərə alınsa, bu sahədə də səmərəli əməkdaşlıq imkanları var və aidiyyəti qurumlar arasında təmaslar artıq yaranmışdır. Serbiya biznes dairələrinin Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək layihələrdə iştirakda maraqlı olacaqları əməkdaşlıq üçün münbit imkanlar yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətlər ən yüksək səviyyədədir, surətlə inkişaf edir və yeni-yeni layihələrin həyata keçirilməsində özünü göstərəcək.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü