Azərbaycana beynalxaq dəsdək

Əliyeva Sevil Səlimxan qızı,
Səbail rayonu 329 nömrəli
tam orta məktəbin direktoru

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir çox tarixi məqamlarla yadda qaldı. Üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda Azərbaycanın haqlı mövqeyi təsbit olundu. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında və görüşlərində səsləndirdiyi məsələlər bu bəyanatda öz əksini tapıb.
Xatırladaq ki, hələ 2004-cü ildə Prezident İlham Əliyev Belçikaya ilk dəfə səfəri zamanı Avropa strukturlarına inteqrasiyanı Azərbaycanın strateji yolu kimi təqdim etmişdi. Sonrakı səfərlər, qlobal tədbirlər, Bakı görüşləri həmin strateji xəttin dəyişməzliyini,2006-cı ildən başlayaraq isə NATO-ya üzv dövlətlər zirvə toplantıları Azərbaycan Alyansın dəyərli tərəfdaşı olduğunu göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunmuşdur. Eyni zamanda, Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız cari ildə yeddi birgə hərbi təlim keçirilmişdir. Sözügedən təcrübə regionda sülh və sabitlik işinə xidmət edir. Azərbaycan enerji təchizatı sahəsində də etibarlı tərəfdaşdır. NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə səfərdə olarkən ölkəmizin Ermənistanla münaqişədən sonrakı vəziyyət ətrafında mövqeyini detallı şəkildə bildirmiş və bu mövqe istər Avropa İttifaqı, istərsə də NATO-da ciddi dəstək qazanmışdır. Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilməsi, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin zəruriliyinin diqqətə çatdırılması ölkəmizin mövqeyinin bir daha təsdiqləndiyindən xəbər verir.
Azad edilmiş ərazilərdə partlamamış minaların mövcudluğu ən problemli məsələlərdəndir. Azərbaycanın mülki vətəndaşları minalardan əziyyət çəkir və bu günə qədər 200-ə yaxın insan mina partlaması nəticəsində həlak olub və ya yaralanıb. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsi vacibdir. Aİ Şurasının Prezidentinin Bəyanatında humanitar minatəmizləmə səylərinə dəstək göstərilməsi tədbirlərinə, işğaldan azad olunan ərazilərdə reallaşdırılan reabilitasiya və rekonstruksiya işlərinə, habelə Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyasına məşvərətçi statusda dəstəyin ifadə olunması zəruriliyi də Brüssel görüşlərində Azərbaycan diplomatiyasının növbəti qələbəsi, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyinin məntiqi nəticəsidir.
Ölkə başçısı cənab İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı vaxtaşırı səsləndirdikləri ziddiyyətli fikirlərə işarə edərək, birmənalı olaraq, bu dəhlizdən istifadə rejiminin də Laçın dəhlizi ilə eyni olduğunu vurğuladı. Ölkə rəhbəri Azərbaycanın etibarlı tərəfdaş kimi hər zaman dialoqa açıq olduğunu bir daha qeyd etdi. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda Azərbaycan Laçın dəhlizində eynisində israr edəcək. Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.
Bütün bu məqamların qısa xülasəsi ölkəmizin hər zaman sülhün, sabitliyin tərəfində dayanmasından xəbər verir. Azərbaycan hazırda Cənubi Qafqazda yaşanan postmüharibə vəziyyətində də bu mövqeyə sadiqlik nümayiş etdirir, bölgənin əmin-amanlıq mühitinin canlandırılmasına səylərini əsirgəmir, regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə prioritet istiqamət kimi yanaşır. Regionda yol kommunikasiyalarının açılması, Ermənistanla fəal dialoqun qurulması və yeni qonşuluq münasibətlərinin yaranması istiqamətində göstərilən səylər bunun bariz ifadəsidir.
Beləliklə, Ölkə başçısı cənab İlham Əliyevin Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlər Azərbaycanın haqlı mövqeyinin ifadəsi ilə yanaşı, həm də aktuallığı ilə diqqət çəkdi. Bu görüşlər istər NATO-ya üzv dövlətlər, istərsə də Aİ-yə üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının tanınması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsindəki tarixi qələbəmizə qeyd olunan dövlətlərin dəstəyi kimi qəbul etmək olar.