Azərbaycana yeni imkanlar yaradan Qlobal Bakı Forumu

"X Qlobal Bakı Forumu qlobal dünyanı narahat edən və üzləşdiyi problemlərin müzakirəsi baxımından çox ciddi və nüfuzlu bir beynəlxalq platformadır. Artıq ənənə halını alan və davamlı olaraq  keçirilən Qlobal Bakı Forumu əsasən  dünyanın üzləşdiyi hümanitar  problemlərin müzakirəsi və dialoqu baxımdan mühüm rol oynayır. Necə ki, Davos Forumu qlobal iqtisadi məsələlərin müzakirəsi, dialoqu baxımdan əhəmiyyət kəsb edirsə,  eləcə də Qlobal Bakı Forumu qlobal humanitar problemlərin həllində çox  böyük bir əhəmiyyət kəsb edir.  Çünki yeni dünya düzəninin  formalaşması özü ilə bir sıra problemlər, xüsusən də ciddi qlobal humanitar problemlər  yaradır ki, bunun da həlli ancaq  beynəlxalq aləmin birgə səyi iə mümkündür. O baxımdan Forum böyük tarixi əhəmiyyət kəsb edir”.

 Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib. Deputatı bildirib ki, X Qlobal Bakı Forumu bir neçə baxımdan Azərbaycan müstəsna əhəmiyyət kəsb edir:

“Birincisi, yeni dünya düzəni nəticəsində yaranan bu problemlərin dialoq yolu ilə həlli baxımından əhəmiyyətlidir.  Azərbaycan  “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda  Forumu təşkil edərək beynəlxalq aləmin üzləşdiyi çağırışlar, təhdidlər və  həll yollarının müzakirəsinə imkan yaratmaqla, proseslərin daha ağrısız keçməsinə öz töhfəsini vermiş oldu.

İkincisi, dünyanın üzləşdiyi mürəkkəb geosiyasi proseslər fonunda belə bir beynəlxalq forumun təşkili Azərbaycanın dünyadakı nüfuzundan və ona olan hörmətin göstəricisidir.  Forumda 60 ölkədən 350 nəfər iştirakçının, onların da arasında  50-dən artıq hazırkı və sabiq prezident və baş nazirin olması  bunu deməyə əsas verir.   Belə bir təmsilçilik səviyyəsi müzakirələrin kifayət qədər yüksək səviyyədə olacağının sübutudur. Odur ki, Forum Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin, nüfuzunun  daha artaraq möhkəmlənməsinə xidmət edəcək.

Üçüncüsü,  Azərbaycanın Qoşulmama Hərəkatına  sədrliyi müddətində təşkilatın beynəlxalq arenada aktiv fəaliyyəti, nüfuzunun artması baxımdan mühüm əhəmiyyət  kəsb edir. Çünki Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət çox şətin və mürəkkəb qlobal geosiyasi proseslər dövrünü əhatə edir. Belə ki, Azərbaycanın sədrliyi dövründə COVİD-19 pandemiyası baş verdi. Azərbaycan digər beynəlxalq təşkilatlardan, dünyanın aparıcı və inkişaf etmiş ölkələrindən fərqli olaraq daha çevik reaksiya verərək, qısa zamanda pandemiyaya qarşı effektiv mübarizə aparmaq  məqsədi ilə  beynəlxalq aləmin birgə səyini təşkil etmək istiqamətində real addımlar atdı. Bu da öz müsbət nəticəsini verdi. Qısa zaman kəsiyində Türk dövlətlər Birliyinin, Qoşulmama Hərəkatının Zirvə toplantıları keçirildi və bunun nəticəsi olaraq Azərbaycanın təşəbbüsü ilə COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyası təşkil olundu. Ölkəmizin bu təşkilatdakı  fəal rolunu nəzərə alaraq, Azərbaycanın Hərəkata sədrlik müddəti uzadıldı. Bu da Azərbaycanın  beynəlxalq aləmdəki nüfuznun möhkəmlənməsinə və qarşısında duran məsələlərin həllinə öz  töhfəsini vermiş oldu. 

Azərbaycanın aktiv xarici siyasəti 30 il davam edən  Ermənistanın işğalçılıq siyasətinin  qarşısının alınmasında da həlledici rol oynadı. Azərbaycan öz ərazi bütövlüyünü təmin  etməklə Cənubi Qafqazda yeni reallıq yaratdı.  Azərbaycan  yaratdığı yeni reallıq qısa zamanda  beynəlxalq birliklər və dünyanın aparıcı dövlətləri, gücləri tərəfindən qəbul edildi. Azərbaycan  yaratdığı yeni reallığa uyğun olaraq aktiv siyasət yürtüməsi nəticəsində  yeni dünya düzəninin formalaşmasında beynəlxalq aləm tərəfindən ciddi aktor kimi qəbul edilməkdədir.
Dördüncüsü, Forum Azərbaycan Cənubi Qafqazda yeni reallıqların şərtlərinə uyğun olaraq dayanıqlı  sülhün və əməkdaşlıq formatının yaranması baxımdan xüsusi rol oynayacaq. Artıq beynəlxalq birlik Azərbaycanın şərtləri daxilində Ermənistanla  sülh sazişin imzalanmasında  rəsmi Bakının mövqeyini  dəstəkləyirlər. Bu da nəticə etibarı ilə bölgədə dayanıqlı sülh və əməkdaşlıq formatının yaranmasına gətirib çıxaracaq.
 Beşincisi, yeni dünya düzəninə uyğun olaraq Azərbaycanın  enerji mərkəzinə  çevrilməsinə imkan yaradacaq.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında neft və qaz amilindən deyil, “yaşıl enerji”    faktorundan istifadə etmək istəyir.

Azərbaycan Avropaya qaz hasilatının artırmaqla yanaşı, alternativ elektirk enerjisi təchizatındada mühüm rola malik olmaq istəyir və artıq  bur istiqamətdə ilkin addımlar atılıb. Nəticədə  Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.

Altıncısı, Azərbaycan enerji qovşağı olmaqla yanaşı,  logistik qovşaq  mərkəzi olmaq rolunu üzərinə götürüb. Artıq bu istiqamətdə də uğurlar əldə edilməkdəir. Görülən işlərin nəticəsidir ki, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. 
Yeddincisi,  bütün bunlar Azərbaycanın ciddi aktor  rolunu oynamaq  imkanlarını genişləndirməklə yanaşı,  ölkəmizə yeni investisiyaların cəlb olunması, iqtisadiyyatının daha da inkişaf etməsinə,  əlavə gəlirlər əldə etməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşmasına  gətirib çıxaracaq”.