Azərbaycandan Gürcüstana pul transfertlərinin həcmi kəskin artıb

2021-ci ilin fevral ayında Gürcüstandan Azərbaycana ümumi 1 milyon 284,4 min ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

Oxu.Az-ın Gürcüstanın Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin fevral ayının göstəriciləri ilə müqayisədə 1,3 faiz çoxdur. Əvvəlki ayın (2021-ci il yanvar) göstəricilərinə nəzərən isə Gürcüstandan Azərbaycana pul transferlərinin həcmi 12,9 faiz artıb.

Ötən ay ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 5 milyon 964,8 min dolları təşkil edib. Köçürmələrin həcmi 2020-ci ilin fevral ayı ilə müqayisədə 2,9 dəfə, əvvəlki aya (2021-ci il yanvar) nisbətən isə 12,4 faiz artıb.

2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Gürcüstana ümumilikdə 11 milyon 283,8 milyon dollar, Gürcüstandan Azərbaycana 2 milyon 421,5 min dollar həcminə pul transfert edilib.

Qeyd edək ki, son göstəricilərə əsasən, Gürcüstana pul köçürmələri həyata keçirən ölkələr arasında Azərbaycan 9-cu pillədə qərarlaşıb. Gürcüstanın ən çox pul transferləri həyata keçirdiyi ölkələr sırasında isə Azərbaycan Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü pillədədir.