Azərbaycanı qalib edən lider

Azərbaycanı Cənubi Qafqazın lideri, qlobal müzakirələrin söz sahibi olan aktoru və sürətlə inkişaf edən dövlətə çevirən lider… Bəli, bu gün nəinki respublikamızda, habelə ölkəmizin hüdudlarında Prezident İlham Əliyevin barəsində bəhs edərkən ilk yada düşən məhz bu məsələlərdir, ilk dilə gətirilən sözlər bu cür qürurdoğuran ifadələrdir.

Cəmi 2 ay əvvəl cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 19-cu ili tamam oldu. 19 il bir dövlətin inkişaf tarixinin yaranmasında uzun zaman kəsiyi sayılmır. Lakin bu qısa dövrdə respublikamızın qazandığı uğurlar o qədər zəngin və əzəmətlidir ki, Azərbaycanın uzun onilliklərə bərabər inkişaf salnaməsi yaranıb. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm bünövrə üzərində bu illər ərzində dinamik yüksəliş yolu keçən respublikamızın cənab İlham Əliyevin rəhbərliyi ilə yaratdığı inkişaf nümunələri Azərbaycanın dünyaya ən mükəmməl formatda təqdimatıdır.

Xatirimizdədir ki, Heydər Əliyev hələ 1 oktyabr 2003-cü il tarixli müraciətində xalqımızı özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırmışdı. Ulu Öndər inam hissi ilə bildirmişdi ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları İlham Əliyev başa çatdıra biləcək. 2003-cü ildən ötən müddətdə Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində baş verən dəyişikliklər, sosial-iqtisadi inkişafda yeni keyfiyyət mərhələsinin başlanması, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi, Azərbaycanın enerji siyasətinin öz bəhrəsini verməsi Ulu Öndər Heydər Əliyevin nə qədər uzaqgörən və müdrik şəxsiyyət olduğunu göstərdi. Ulu Öndər varisi İlham Əliyevin rəhbərliyi ilə sanki Azərbaycanın bu gününü, aydın gələcəyini görürdü, duyurdu. Ona görə də ruhu bu gün rahatdır. 19 ilin mənzərəsi göstərir ki, Heydər Əliyevin siyasi kursu davam etdirilir, ideyaları həyata vəsiqə alır.

Cənab İlham Əliyev həm də özünün siyasi davranış nümunələri ilə Azərbaycan diplomatiyasına yeniliklər bəxş etdi. Dövlət başçısı Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən fəaliyyət nümunəsi gətirdi. İlham Əliyev öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə yeni siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. 

Əlbəttə, bu gün İlham Əliyev deyəndə həm də ilk yada düşən uğurumuz Azərbaycanın Vətən müharibəsində qalib gəlməsidir. 2003-cü ildə Prezident seçildiyi vaxtdan cənab İlham Əliyevin elan etdiyi prioriet vəzifələrdən biri torpaqlarımızın işğaldan azad olunması idi. Dövlətimizin başçısı bu məsələdə hər zaman Azərbaycanın qətiyyətli mövqeyini təmin etdi. Ermənistanın təəssübkeşlərinin ölkəmizdən güzəşt qoparmasına heç vaxt imkan verməyən Ali Baş Komandan hər zaman bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurulmayacaq. Aparılan danışıqlarla yanaşı, Prezident İlham Əliyev hər zaman torpaqlarımızın güc yolu azad oluna biləcəyini istisna etmədi və bunun üçün ordumuzun döyüş imkanlarını da ən müasir hərbi standartlar səviyyəsinə çatdırdı. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində isə Prezident İlham Əliyev güc yolu ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Söz anlamayan Ermənistanı və onun havadarlarını dövlətimizin başçısı hünər meydanında başa saldı. Bu qələbə ilə Prezident İlham Əliyev sərkərdə qətiyyəti ilə Azərbaycanın dövlətçilik tarixində böyük bir tarixi missiyasını yerinə yetirdi.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyev demişdi: "Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi".

19 ildə Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə elə bir səviyyəyə çatıb ki, hər bir vətəndaşımız öz dövləti və Prezidenti ilə qürur duyur. Ən əsası, cənab İlham Əliyev Azərbaycanı qalib dövlət edib, xalqımıza isə Zəfər qüruru yaşadıb.

 

Cavid OSMANOV,

Milli Məclisin deputatı,