Azərbaycanı ZƏFƏRƏ aparan lider

2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı özünün tarixi seçimini etdi. Millətimiz Heydər Əliyevin siyasi kursuna, sabitlik və dinamik inkişafa, inandığını, etibar etdiyini açıq ifadə edi. Bu yol bəlli və aydın idi. “İlhamla irəli” şüarını əlində rəhbər tutan xalq sonrakı dönəmlərdə də “Davam” dedi. Təbii ki, xalqın bu seçimi təcrübəyə, məntiqə, siyasi analitik və təhlillərin nəticəsinə və gələcəyə olan inama söykənirdi.  

Hələ Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il yanvarın 10-da etdiyi müraciətində demişdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 

Xalq Azərbaycan dövlətinin və xalqının gələcək müqəddəratını həll edəcək bu çağırışa qoşuldu və öz gələcəyinin sükanını Ulu Öndərin ən layiqli davamçısı olan cənab İlham Əliyevə etibar etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan siyasi sisteminə ədalət, rasional düşüncə, milli maraqlarda sıfır güzəşt nümunəsi gətirdi. O, öz fəaliyyəti ilə ölkənin ictimai həyatına və siyasi sistemində siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartlar, milli qürur və ləyaqət anlayışlarına olan inamı daha da gücləndirdi. Prezident İlham Əliyev xalqımızın qələbə əzmini, milli bütövlüyü özünə qaytardı. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafını təmin etmişdir. Müasir dünyada, o cümlədən ölkəmizdə sürətlə dəyişən reallıqlar və ardıcıl yenilənən obyektiv amillər islahatların davamlı aparılması tələbini ortaya çıxarır. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə dövlət başçısının təşəbbüsü ilə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu. Bu mütərəqqi proses indi də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Etibarlı ictimai münasibətlərin formalaşmasına xidmət edən islahatlar yeni yaranan siyasi konfiqurasiyanın əsas tərkib hissəsi kimi çıxış edir. O cümlədən, ölkədə iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas göstəricilərindən biridir. Dövlətimizin başçısının birbaşa tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisi üzrə əhatə dairəsinin miqyasından, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq respublikamızda fəaliyyət göstərən bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübə olmuşdur.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham

Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən

üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi oldu. Müharibədən sonra Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir.Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq yanaşmalar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.

Bir sözlə, dövlətimizin başçısı xalqın 30 illik həsrətinə, dədə-baba torpaqları nisgilinə son qoymaqla Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətini yerinə yetirmiş oldu. Hətta hakim siyasi elitaya rəqib olan qüvvələr də etiraf edirlər ki, Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb. Zəfərdən sonra Azərbaycan Prezidentinin nüfuzu birmənalı şəkildə yüksəlib və xalqımız haqlı olaraq Ona alternativ tanımır.

İltizam Yusifov

Milli Məclisin deputatı