“Azərbaycanın qış gözəllikləri” adlı fotosərgi

5 yanvar 2023-cü il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş “Sehrli qala” festivalı çərçivəsində Bakı Fotoqrafiya Evində “Azərbaycanın qış gözəllikləri” adlı fotosərginin açılışı keçirilmişdir.
34 ədəd fotoşəkilin nümayiş olunduğu sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib. Fotosərgidə alpinizm bacarığı olan bəzi fotoqraflar tərəfindən hündürlükdən çəkilən və sözün əsl mənasında nəfəs kəsən əsrarəngiz kadrlar nümayişə çıxarılıb. Digər fotolarda isə çoxlarına yaxşı tanış olan, lakin qarlı mühitdə tamamilə nağıllar aləminə bənzəyən yerlər təqdim olunur.
Sərginin keçirilməsində əsas məqsədimiz bir neçə iqlim qurşağının mövcud olduğu ölkəmizin qış mövsümü mənzərələrinin tamamilə fərqli gözəlliklərini təqdim etməkdir.
Layihənin kuratoru və müəllifi Rüstəm Hüseynovun rəhbərliyi ilə keçirilən sərgidə fotoqraflar Aydın Mehdiyev, Emil Qazi, Nadejda Cavadova, Vadim Mansurov, İlkin Kəngərli, Rüstəm Qasımov, Natalya Qaraxanova, Rüstəm Hüseynov, Vaqif Muğallı, Arif Quluzadə, Maksim Skupov və Coşqun Süleymanov qış mövsümü mənzərələrinə olan baxışlarını izləyicilərlə bölüşüblər.
Əsərlər arasında Şuşa qar çovğununda, Çıraqqala qalası ilə qarlı mənzərə, Tufandağ yaxınlığında təmamilə donmuş şəlalə, buzlu dağ serpantinini və qarlı İçərişəhərin panoraması kimi bir sıra maraqlı kadrlar vardır.
Fotosərgi 12 yanvar 2023-cü ilədək davam edəcəkdir. 

Vüsalə Abdullayeva 
SABAHİNFO.AZ