Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumu regional əhəmiyyətli tarixi sənəddir

Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanmış Anlaşma Memorandumu regional əhəmiyyətli tarixi sənəddir. Azərbaycan 44 günlük Vətən müharibəsində təmin etdiyi böyük Qələbəsi ilə regionda yeni reallıq yaradıb. Bu yeni reallıq region ölkələrin baxışlarını dəyişib, gələcəyə daha inamla baxmağa imkanlar formalaşdırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan ilə Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlarda Zəngəzur dəhlizinin açılması və region ölkələrin əməkdaşlığı üçün yeni format razılaşdırılıb. Amma Ermənistan yenə də öz düşmənçilik xislətindən əl çəkməyərək bu bəyanatların icrasının həyata keçirilməsinə konstruktiv yanaşmır və zamanı uzatmaqla, kommunikasiyaların açılmasını manipulyasiya etməklə özünün əlində hər hansı bir təsir vasitəsinin qaldığını nümayiş etdirməyə çalışır. Əslində imzalanmış üçtərəfli bəyanatlarda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçidin təmin edilməsi ilə bağlı Ermənistanın rəsmi imza atdığı öhdəliyi mövcuddur. Bu dəhlizin açılması zamanın işidir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi əgər Ermənistan öz xoşu ilə Zəngəzur dəhlizin açılmasında iştirak etməzsə, biz onu məcbur edəcəyik. Təbii ki, Zəngəzur dəhlizi hər şeydən əvvəl dalana salınmış Ermənistanın özü üçün bir ümid yeridir. Çünki qonşu ölkələrə olan ərazi iddialarından Ermənistanın qonşu dövlətlərlə yolları bağlıdır. Amma Ermənistan yaranmış bu fürsəti lazımi dəyərləndirə bilmədi.

“Prezident İlham Əliyev uzaqgörən siyasətçi və regionda perspektivli layihələri reallaşdıran bir liderdir. Bu gün Prezidentin təşəbbüsü və təşkilatçılığı ilə reallaşmış enerji və tranzit nəqliyyat dəhlizləri qitələri birləşdirmiş və ölkələrarası münasibətlərin möhkəmlənməsinə və regional təhlükəsizliyin təmin olunmasına xidmət etməkdədir”, - deyə A.Badamov vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan-İran münasibətlərində bir soyuqluğun yaranması üçün var gücü ilə çalışırdı. Amma 2021-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammitində iştirakı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və İranın Prezidenti Seyid İbrahim Rəisi arasında çox səmimi ikitərəfli görüş baş tutub. Prezidentlərin bu görüşü ilə İran-Azərbaycan münasibətlərində yeni səhifə açılmış oldu. Yəni, prezidentlərin söhbəti zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı. Əslində prezidentlərin Aşqabad görüşü İran-Azərbaycan əlaqələrinə bir aydınlıq gətirdi və Ermənistanın arzularını puça çıxardı.

Prezident İlham Əliyevin uzaqgörən siyasətçi olduğunu və beynəlxalq siyasətdə ölkəmizin milli maraqlarından çıxış edərək çox məharətli gedişlər etdiyini qeyd edən deputat deyib: “İran ilə Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu da düşmənlərimizi mat vəziyyətinə salmış növbəti uğurlu gedişimizdir. Azərbaycan “3+3” formatının yaradılmasını dəstəkləyir. Amma İranla imzaladığımız bu Memorandum Ermənistansız da regionda yeni əməkdaşlıq formatının, yəni “3+2” formatının yaranacağından xəbər verir. Bu Memorandumun imzalanması və İran ərazisindən 55 kilometr uzunluğunda yeni kommunikativ marşrutun yaradılması Ermənistanın regionda əhəmiyyətini tamamilə itirir. Vəziyyət onu göstərir ki, Ermənistanı dalana salmışdıq və bundan sonra da dalanda qalacaq. Yəni, Ermənistanla münasibətdə şərtləri təqdim edən tərəf Azərbaycandır və bundan sonra da belə olacaq”.

“İran ərazisindən keçəcək yeni nəqliyyat marşrutunun istifadəyə verilməsi ilə regionda yerləşən İslam dünyasının bir-birinə birləşdiyini vurğulayan Azər Badamov əlavə edib ki, bu nəqliyyat dəhlizindən istifadə etməklə Naxçıvan blokadadan çıxacaq, İranın Avropaya və Rusiyaya quru yolla çıxış imkanları genişlənəcək, Türkiyə və Rusiyanın yük mübadilə imkanları artacaq. Beləliklə, İranla Azərbaycan arasında yaranacaq yeni marşrut Cənub-Şimal nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artırmaqla region ölkələrin əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək. Bu layihənin reallaşması tarixi hadisə, yaranacaq yeni geosiyasi xəritə, Azərbaycan diplomatiyasının qələbəsidir və regionun iqtisadi inkişafında mühüm rol oynayacaq.