“Azərtac” intihara cəhd edən sabiq əməkdaşı Aygün Əliyeva ilə bağlı məsələyə münasibət bildirib.
Sabahinfo.az xəbər verir ki, Dövlət agentliyi A.Əliyevanın 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini və indiyədək bu prosesin davam etdiyini, həmçinin onunla barışıq əldə edilməsi üçün addımların atıldığını açıqlayıb: “2022-ci ilin noyabrında Azərtac-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və Azərtac-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, A.Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib".
Qurumdan bildirilib ki, Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir: "Bu cür iddialar təəssüf doğurur. Azərtac-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır".
Dövlət informasiya agentliyi hazırda kadr islahatlarının aparıldığını da qeyd edib: "Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır. Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir".