"Avropada bacarıqlı olmaq qəbul olunmur"

Trans-Anadolu qaz boru kəməri (TANAP) üzrə 850 kilometr boruların qaynağı tamamlanıb.


Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, layihə üzrə işlər qrafikə uyğun aparılır:


"Artıq 850 km boru qaynaqlanıb. İşlər plana uyğun həyata keçirilir. Layihənin maliyyələşdirilməsində də heç bir problem yoxdur. Bununla yanaşı, hökumət layihənin maliyyələşdirilməsi üçün xaricdən ucuz maliyyə vəsaitinin cəlb olunması üçün danışıqlarını davam etdirir. Danışıqlar hələ bir müddət davam edəcək", - deyə SOCAR rəhbəri bildirib.

R. Abdullayev əlavə edib ki, Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tender proseduruna zidd hərəkət edib: "Əvvəlcə danışılan qaydalar pozulub. Biz də Yunanıstan hökumətindən bunun əsaslandırılmasını gözləyirik. Dəyişilən qaydaya əsasən, DESFA-nın qiyməti iki dəfə aşağı enir. Əgər obyektin gəlirliliyi aşağı salınırsa, deməli, onun qiyməti də aşağı enməlidir. Biz bu məsələləri Yunanıstan hökuməti ilə danışıqlarda qaldırmışıq və danışıqlar davam edir", - deyə R. Abdullayev qeyd edib.

Onun sözlərinə görə, DESFA-da SOCAR-ın payını almaq istəyən İtaliyanın "Snam" şirkəti əqdin bağlanılmasına hazırdır: "İtalyan tərəfdaşımız bizimlə yanaşı danışıqlarda iştirak edir. Burada bir sıra problemlər var. Görünür, Avropada çox bacarıqlı olmaq da qəbul olunmur".