"Qarabağ Azərbaycana qaytarılmalıdır"

"Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir, biz bu şəkildə baxırıq. Ona görə də, 30 avqust eyni zamanda Azərbaycanın da zəfər bayramıdır. Əziz vətən torpaqlarının müvəqqəti də olsa, erməni işğalı altında qalması, əlbəttə ki, hamımızı fövqəladə dərəcədə narahat edir”.

Sabahinfo.az xəbər verir ki, bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Quru Qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı Ərdal Ceylanoğlu deyib.

Dörd dəfə Qarabağ bölgəsində olduğunu söyləyən general Azərbaycan ordusunun oradakı mövqelərinin hər dəfə daha çox gücləndiyinin şahidi olduğunu bildirib: "Qarabağı işğaldan azad etmək üçün azərbaycanlı qardaşlarımızın həyəcanını görmüşəm. İşğal altındakı əziz vətən torpaqları bir an əvvəl qeydsiz-şərtsiz millətimizə qaytarılmalıdır, haqsızlığın aradan qaldırılması üçün lazım olan barış mexanizmləri işlədilmirsə, onun aradan qaldırılması üçün başqa mexanizmlərin dövriyyəyə girməsi qaçılmaz olacaq. Məhəmməd Əmin Rəsulzadə "Bir kərə yüksələn bayraq bir daha enməz” deyərək o torpaqlarda əbədi azadlıq tonqalı yandırıb, Heydər Əliyev "Bir millət, iki dövlət” deyərək qardaşlığımızı pərçimləyib. Bundan o tərəfə deyiləcək söz varmı?..”

Qeyd edək ki, ordu generalı Ərdal Ceylanoğlu 2010-cu ildə Türkiyə Quru Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib. Türk ordusuna qarşı təşkil edilmiş saxta "Balyoz” və "Ergenekon” əməliyyatlarına etiraz əlaməti olaraq 2011-ci ilin iyulunda Baş Qərargahın o vaxtkı rəisi, ordu generalı İşık Koşanər ilə birlikdə istefa verib.