Fazil Mustafa: “Kimsə soruşmur ki, bala, niyə orduda xidmət etmirsən?”

"Xaricə təhsil üçün üz tutan tələbələrdən soruşan olmur ki, bala, sən 10 ildir orada nə işlə məşğulsan? Niyə gəlib orduda xidmət etmirsən?”

Bu sözləri deputata Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O, oğlanların xaricə əsgərlikdən yayınmaq üçün üz tutduqlarını deyib. Deputat Azərbaycan ordusunda bir nəfər də fərarinin olmamasının xalqın orduya yüksək münasibəti kimi dəyərləndirib. Ancaq təhsil almaq adı altında bəzi gənclərin xaricə gedib universitetlərdə baş girələməsinə diqqət çəkib: "Əgər xaricdə 300 nəfər təhsil alırsa, onların əksər hissəsi yalnız birinci kursu başa vura bilirlər. Növbəti kurslarda onlar çətinlik çəkirlər və sadəcə əlavə pul ödəməklə illərlə eyni kursda təhsillərini davam etdirirlər. Kimsə soruşmur ki, bala, sən 10 ildir Türkiyədə nə işlə məşğulsan, niyə gəlib orduda xidmət etmirsən? Demək əsgərlikdən yayınmaq üçün xeyli insanlar bu üsula əl atıb. Onsuz da bizim universitetlərin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Elə addımlar atmaq lazımdır ki, bəziləri təhsildən istifadə edərək ordudan yayınmasın”.