Lavrov Çavuşoğluna hesabat verdi

Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə Cenevrədə keçirilən Rusiya- ABŞ danışıqlarını müzakirə edib.

Bu barədə Sabahinfo.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Rusiya - ABŞ XİN rəhbərləri Cenevrədə keçirilən danışıqlar zamanı Suriya məsələsində razılığa gəliblər.

"Rusiya və Amerika Birləşmiş Ştatları sentyabrın 12-si, saat 00:00-dan etibarən Suriyada münaqişə tərəflərini hərbi əməliyyatları tam dayandırmağa çağırıb. Atəşkəs rejimi qüvvəyə mindikdən 7 gün sonra xüsusi mərkəz yaradılacaq. Mərkəzdə Rusiya və ABŞ hərbçiləri, iki ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri münaqişə tərəflərinin geri çəkilməsi istiqamətində praktiki məsələlərlə məşğul olacaqlar”, - deyə Lavrov danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Rusiya XİN rəhbəri, həmçinin bildirib ki, Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı beş sənəd imzalanıb. Detalları açıqlanmayan razılaşmaların sentyabrın 12-dən qüvvəyə minəcəyi vurğulanıb. Onun sözlərinə görə, Suriya rəhbərliyi artıq sənədlərlə tanış olub.