ADPU-dan Vidadi Hüseynova cavab

Sabahinfo.az MüstəqilİnformasiyaAgentliyinin baş redaktoru Ədil Ədilzadəyə:

Sabahinfo.az internet saytında 2019-cu il aprel ayının 17-də "Vidadi Hüseynov Cəfər Cəfərovun paxırlarını açdı” sərlövhəli müsahibə dərc olunmuşdur. Bu müsahibəyə cavab olaraq aşağıdakıları bildiririk:

Vidadi Fərzəli oğlu Hüseynovun 06.02.2017-ci il tarixli ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinə uygun olaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Dövlət və hökumət orqanlarına ünvanladığı ərizələrdə isə yazır ki, ADPU-da məndən iki ərizə aldılar. Vidadi Hüseynov orta yaşlı 3 övlad atasıdır. Belə çıxır ki, ondan 5 ərizə də istəsələr yazacaqdır? Onun fikirləri inandırıcı deyil, həqiqəti əks etdirmir. İkinci bir tərəfdən, ADPU-da ona müdir vəzifəsini heç kim vəd etməyib, çünki işlədiyi zamanda barəsində dəfələrlə rektorluğa və dövlət orqanlarına törətdiyi əməllərlə bağlı şikayətlər daxil olmuşdur.

Belə ki, 06.09.2016-ci il tarixdə universitetin rektoru, professor Cəfər Cəfərovun qəbulunda olan vətəndaş Zeynalova Svetlana Nazim qızı (20 yanvar əlili) ADPU-da dispetçer vəzifəsində (əvvəllər V.Hüseynovun tutduğu vəzifənin adı dispetçer adlanırdı) işləyən V.Hüseynovun və Nigar adlı xanımın ondan 3000 (üç min) AZN məbləğində qızını işə düzəlməklə əlaqədar pul almaları barədə məlumat bildirmiş və həmin pulun qaytarılması ücün köməklik edilməsini xahiş etmişdir. Həmin işin araşdırılması rektor tərəfindən baş hüquqşünas Zakir Nağıyevə tapşırılmışdır. Zakir Nağıyev məlumat vermişdir ki, V.Hüseynovla bu barədə söhbət aparmış və ona bildirmişdir ki, barəsində cinayət işi qaldırıla bilər. V.Hüseynov etiraf etmişdir ki, həmin puluTəhsil Nazirliyində işləyən Nigar adlı xanıma verib və tezliklə pul Zeynalova Svetlana Nazim qızına qaytarılacaq. Bundan 2 gün sonra Nigar adlı xanım Zakir Nağıyevlə telefon əlaqəsi yaratmış, Z.Nağıyevin telefon nömrəsini V.Hüseynovdan aldığını bildirmişdir. Həmin xanım bildirmişdir ki, qısa zamanda pul sahibinə qaytarılacaq. İki həftə müddətdən sonra SvetlanaZeynalova zəng vurub pulun bir hissəsinin qaytarıldığını bildirmiş və xahiş etmişdir ki, pulun qalan hissəsinin də qaytarılmasına köməklik göstərək. Yenə müəyyən müddətdən sonra Z.Nağıyev V. Hüseynovla söhbət aparıb qalan məbləğin qaytarılmasını tələb etmişdir. Bir müddət sonra SvetlanaZeynalova zəng vurub pulun qaytarılmasını bildirmiş və təşəkkür etmişdir.

15.07.2016-ci il tarixdə isə Tovuz rayon sakini Ağasiyeva Nəzakət Xasay qızı tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevaya yazılmış müraciətin məzmunundan görünür ki, V.Hüseynov baş dispetçer vəzifəsində işlədiyi dövürdə təhsildə zəif olan, yaxud qayıbları olan tələbələrlə əlaqəli işlər görmüş, hətta korrupsiyaya yol açan hüquqpozmalara yol vermişdir. Yeni rektorun vəzifəyə təyin olunmasından sonra korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin ehtiyatla hərəkət etmələrindən danışılır və bu məsələdə ərizəçi Ağasiyeva Nəzakət Xasay qızı ona köməklik edilməsini xahiş etmişdir. V.Hüseynov böhtan yazdırmaqla abır-həya sədlərini keçir. Niyə V.Hüseynov məhkəməyə müraciət etməkdən çəkinir? Qorxur ki, əməllərinin üstü açıla bilər.

Lerik rayon sakinləri adından yazılmış (əslində V.Hüseynov və qardaşı tərəfindən yazılmış) müraciətdə göstərilir ki, V.Hüseynov tərbiyəli, ziyalı, rayon, hətta respublika səviyyəli bir ailənin övladıdır. Heyif ki, bu yazılan keyfiyyətlər yuxarıdakı faktlarla uzlaşmır, çünki yuxarıda qeyd olunan dəyərlərə malik olan şəxs hüquqazidd hərəkətlərə yol verməz.

ADPU-da V.Hüseynovun ixtisasına uyğun iş olmadığı üçün o işlə təmin edilməmişdir. Əgər V.Hüseynov ADPU-da müəllim kimi çalışmaq istəyirsə, Əmək Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vakant yer olduğu halda ADPU tərəfindən elan olunmuş müsabiqədə iştirak etməklə müəllim vəzifəsini tuta bilər. Bütün bunlara məhəl qoymayan V.Hüseynov rektor, professor Cəfər Cəfərov haqqında həqiqətə uyğun olmayan fikirlərini dövlət və hökumət orqanlarına yazmaqla şantaja əl atır. Həmin müraciətdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov barəsində "qolçamağın vicdanı sızlamır”? kimi təhqiramiz sözlərdən istifadə etməkdən çəkinmir. Rektor, professor Cəfər Cəfərov humanistlik göstərərək V.Hüseynovun qanunazidd əməlləri barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Bunlardan sui-istifadə edən V.Hüseynov hesab edir ki, hər kəs onun əməllərindən bixəbərdir və hər şey unudulmuşdur.

İndi o öz əməllərindən nəticə çıxarmaq əvəzinə rektor Cəfər Cəfərovu haqsız çıxarmaq istəyir. Daha sonra müraciətində göstərir ki, onun işsiz qalmasına görə "Lerik rayon ictimaiyyəti hiddətlənir”. Sual yaranır: yazılan məlumatlardan Lerik rayon ictimaiyyətinin xəbəri varmı? Onun zəhmətkeş Lerik rayon ictimaiyyəti adından sui-istifadə etməsi yolverilməzdir.Biz ADPU-da şəffaflığın, obyektivliyin və ədalətin zəfər calması ücün əlimizdən gələni edirik. Bunları o özü də lap yaxşı bilir. Sadəcə,ona sərf etmədiyi üçün rektor barəsində şər-böhtan yazır. Lerik rayon sakinlərinin kollektiv müraciətində regionçuluğu və etnik məsələləri qaldırır. Bu fikirlər tam əsassızdır.

Xüsusi qeyd etmək istəyirik ki, ölkəmizin bütün vətəndaşları dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim üçün eynidir və dəyərlidir. Belə olan halda reqionçuluğu, yaxud etnik mənsubiyyəti iddia etmək əsassızdır və ədalətsizlikdir, eyni zamanda ADPU rəhbərliyinə qarşı böhtandır. Belə həqiqətə uyğun olmayan müraciət isə minlərlə əməkdaşın işlədiyi universitetdə aparılan uğurlu yeniləşmə, müasirləşmə prosesinə kölgə salmağa çalışmaqdır.

Yuxarıda yazılanları nəzərə alaraq bir daha bildirmək istəyirik ki, V.Hüseynovun hüquqları pozulmamışdır.O, bundan sonra ADPU-nun rəhbərliyini ləkələyən haqsız hərəkətlərdən çəkinməlidir. Əks təqdirdə şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar ADPU qanuni yollarla məhkəməyə müraciət etmək zərurətində qalacaqdır.

Mənsur İbrahimov,

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri