Bakının bir sıra məktəblərində istilik problemi

"Məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülür. Hər il olduğu kimi bu tədris ilində də məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlər aparılır".

Sabahinfo.az bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov bildirib.

Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlər aşkar olunub:

"Həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparılır və digərlərində hazırda müvafiq tədbirlər davam etdirilir. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlərin aşkarlanıb. Problemlərin aradan qaldırılması üçün zəruri işlər görülüb".

O. Kərimov təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçıların mütəmadi olaraq təlimlərdə iştirak etdiyini qeyd edib.

Müdir müavini məktəblərin payız-qış mövsümünə hazırlığı üçün həyata keçirilən kompleks işlər nəticəsində qarşıdakı mövsümdə istiliklə bağlı elə bir ciddi problemlərin yaşanmayacağına ümidvar olduğunu ifadə edib.

Qeyd edək ki, noyabrın 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı mediatur təşkil olunub.

Paytaxtdakı 54 və 9 nömrəli tam orta məktəblərdə keçirilən mediaturda BŞTİ-nin müdir müavini Orxan Kərimov, Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və KİV nümayəndələri iştirak ediblər.

Orxan Kərimov payız-qış mövsümünə hazırlığa və məktəblərin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib. Bu baxımdan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən müvafiq qurumlarla ("Azəriqaz", "Azəristiliktəchizat" ASC, Bakı Regional Qaz İstismarı Departamenti) "Dəyirmi masa" və görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 131-i "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 184-ü fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.