Azərbaycan Dövlət Pedaqoji Universitetində "islahat" adı altında nələr olur?

Daha yaxşı vəziyyətə gətirmək üçün edilən dəyişiklik, düzəltmə və ya yaxşılaşdırmaya reform deyilir. Mən bunu təsadüfi yazmadım. Son günlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun işlərinə hüquqi don geyindirməkdən ötrü tez-tez deyilən "islahatçı", "demokratik yenilikçi rektor" başlıqlı yazılarda yazırlar: "Azərbaycanın heç bir təhsil ocağında onun kimi rektor yoxdur". Burda bəlkə də yanılmırlar, ancaq onların yazdıqları kimi yox, əksi tam yerini tapır. Görək, hörmətli islahatçı yazdıqları rektor hansı işlərlə bu adı qazanıb? (yazılanları bir yerdən idarə olunmasına söz yoxdu) İslahat deyəndə, istehsalat sahəsində daha əlverişli yeni gəlir mənbələrini araşdırmaq, daha müasir texnologiyalarla idarə olunma və ya mövcud şəraiti daha da sürətləndirmək və s. başa düşülür. İslahat dövlət və hökumətin əmr və fərmanları ilə tənzimlənir.

İslahat kiminsə marağına xidmət etdikdə nəticəsi belə olur: Məsələn, SSRİ kimi bir dövlətin hərbi yol ilə dağılması mümkün olmayanda M.Qorbaçov kimi satqın ölkəsini okeanın o tayına satdı, "yenidənqurma" deyib ölkəni uçuruma apardı, qaş düzəltdiyi yerdə göz çıxartdı. Yenidənqurmaya da o vaxtlar islahatlar deyilirdi. Unutdum, M.Qorbaçovu niyə xatırladım? Nə isə, kim isə okeanın o tərəfindən idarə olunursa, axırı yaxşı olmurmuş. Yoxsa M.Qorbaçov o boyda dövləti dağıtmazdı. Deyirlənlərə görə orada iblislər yuvası var.

Nə isə, uzatamayaq, görək, Azərbaycan Dövlət Pedaqoji Universitetində islahatçı Cəfər müəllimin və onun nazını çəkənlərin təbirincə bu nə deməkdir? Özləri pedaqoq olmayanlar Pedaqoji Universitetini idarə etdikləri üçün bu rəazlət hər gün daha qəribə bir vüsət alır? Azərbaycan Dövlət Pedaqoji Universiteti rəhbərliyi islahatçılığın, yenilikçiyin yeni əmsalını tapıblar. Məsələn, xadimələrdən, kiçik texniki işçiləri, laborant heyətini "islahat" deyib işdən çıxartmaq, məcbur edib, ya da aldadaraq ərizələrini almaq və ya deyək ki, tanınmış bir elm adamını uzaqlaşdırmaq, "özümündür" deyib kənardan gətirdikləri kadrlardır? Prezidentin layiq bildiyi, "Şöhrət" ordeni ilə təltif etdiyi elm adamı işdən uzaqlaşdırılır, rektorun verdiyi dırnaqarası "şöhrət ordenli" kimsə fakültə dekanı təyin edilir. (Fizika-texnologiya fakültəsinin dekanı narazılıqla da olsa təyin edilib)

Fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim tədrisi mükəmməl bilən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu, pillə-pillə yüksələn, gözəl pedaqoq Məlikməmməd müəllim Cəbrayılovu tədris işləri üzrə prorektorluqdan kənarlaşdırıb, onun yeninə ixtisası Pedaqoji Universitetə uyğun olmayan (elmi dərəcəsinin olub-olmadığını bilmirəm) dostu Eldar Aslanov, Əməkdar mühəndis, texnika elmləri üzrə fəlsəfə dokturu olan, dosent Səfər müəllim Hüseynovun yerinə (əvvəl inzibati, təsərrüfat prorektoru) inzibati- iqtisadi işlər üzrə hazırki prorektor əvvəlkilərdən hansı üstün keyfiyyətləri ilə seçilir? Yəqin ki, bunu ancaq Cəfər müəllimin özü cavablandıra bilər. Bu vəziyyətdən belə çıxır ki, Cəfər müəllimin dırnaqarası verdiyi adlar cənab Prezidentin verdiyi adlardan daha üstündür?

Ənənəvi olan qocaman elm məbədi indi az qala kollec səviyyəsindədir. Burada elə bil həyat sönüb. Bütün bunlar yenilikçilikdir? İslahatdır? Cavabını tapa bilmirəm. "İslahatçı", "yenilikçi" olmaq bəlkə təcrübəli əməkdaşların yeninə təcrübəsizi gətirməkdi, bilmirəm. "İslahatçı", "yenilikçi" hər gün bir tədbir keçirməkdi bəlkə? Yəqin rəhbərlik də bunu görüb ki, hər gün iclas olsun, tədbir olsun, başları qarışsın, bununla da hər şeyin qaydasında olmasını nümayiş etdirsilər. Əsasən də Azərbaycan Dövlət Pedaqoji Universitetinin profilinə uyğun olmayan kommersiya və turizm yönümlü tədbirlər. Nəticədə müəllim və tələbə kontingentini tədrisdən ayırıb iclaslara cəlb etmək, tədrisin keyfiyyətsiz olmasını iclaslarla ört-basdır etmək...

İslahat deyib 300-dən artıq laborant, texniki işçini işdən azad edib, söz verməklə ki, onların (işdən çıxarılanların) əvəzinə sizin əmək haqqınızı artırarıq. Amma bu da olmadı. Nədən? Çünki əvəzinə yenilərini və ya məndə olan məlumata görə bir az da əməkdaşlarını artırmaqdan ötrü hətta yeni şöbələr təşkil olunmuşdur.

"İslahat" işdən çıxarılanlara hüquqi don geyindirməkdən başqa bir şey deyil. "İslahat" - 5 ilə istismarı mümkün olmayan dəftərxana ləvazımatlarını (əsasən kağız) özlərinə yaxın olan dekanlıq, kafedra və ya şöbələrə məcburi imzalatdırıb paylamaqdı? Əsas tədris binasının özünün arxitekturasına uyğun olan təmiz taxta (əl işi olan) qapıları karton qapılarla əvəzləməkdir? Təqribən Cəfər müəllimdən bir neçə il əvvəl dəyişilən 14 mərtəbəli binanın üz fasadının alkoponunu yeni rənglə əvəz etməkdirmi? və s.

Bəs gələndə çıxışınız zamanı verdiyiniz vədlər hanı? Niyə əmək haqqı əvəzinə hədə-qorxu çoxalıb? Köhnə əməkdaşlar bir-birilə söhbət etməyə belə çəkinirlər. Mənə bir çox əməkdaş deyir ki, çıxdın canını qurtardın buradan. İnsanları oxuduğu və illərcə öz evlərindən belə çox vaxt keçirdikləri, həmişə "ikinci ev" dedilkərindən belə iyrəndiriblər. Onsuz da aşağı əmək haqqı alanı ondan da məhrum etmək, əvəzində xarici ölkələri biznes klass salonlu uçaqlara gəzməyin daha yaxşı olduğunu bilirdilər. Bahalı hotellər və digər şəraitlər... Deyə bilərəm daha nələr. Çünki sən birincisən, rəhbərsən, deməli, ən ağıllı sənsən, nə istəsən edə bilərsən. Bu yanaşma indi bəzi məmurların şüarıdır.

Bəlkə Pedaqoji Universitetin profilini də dəyişib "Pedaqoji-Turizm" olsun? İslahatçılar yəqin bunu da artıq fikirləşiblər. Hər halda, ən azı öz düşüncələrində. Məsələn, pedaqoji fakültənin adını niyə dəyişib kommersiya, turizm və ya buna bənzər ad qoymasınlar? Bu, əsl islahat olmazdımı? Niyə bəs sevimli fakültə dekanının (Fizika-texnologiya) tələbəsi universitet daxilində tələbə yoldaşını bıçaqlayır və heç bir tənbeh tədbiri görülmür?

"Demokratik ruhlu insan" Lerik rayon sakinlərinin cənab Prezidentə olan müraciətinə cavab kimi rayonun icra başçısına zəng elətdirib, əvəzində qardaşıma təsir etmək fikrində olardımı? Bu nəyi dəyişəcək? Bəlkə qohumlarımız sizin qohumlar qədər deyil? Gözləyirsiniz qohumlarım, tanışlarım və elillərim də Sizin dedinizi desin?

"Təhsil işçiləri Respublika Azad Həmkarlar Komitəsi"nə zəng elətdirib məni qəbul etməməyi, təqdim etdiyim ərizəyə özünün marağına uyğun cavab yazılmağına sövq elətdirmək, yenilikçi rektorun özünün xeyirinə planlarşdırılmış işlərindən deyilmi?

İşdən çıxarıldığına görə əlində ərizə olan bir əməkdaş rektorun qəbul otağının qapısında yerə yıxılıb rəhmətə getdiyindən (sitat A.Əliyevanın müsahibəsi), onu görüb özünün Facebook səhifəsində yazan riyaziyyat fakültəsinin sabiq laborantı Arzu xanım Əliyevanı bölüşdüyü şərhə görə işdən uzaqlaşdırılmaqla kifayətlənməyib, anasını da ona görə işdən qovana "demokratik adam" adını demək necə mümkündür, əziz ziyalılar, bəlkə siz biləsiz?

Tənqidlərə əvəz çıxmaqla yox, yazılanlara, deyilənlərə qarşı dözümlük nümayiş etdirməkdənsə, Universitetin həmkarlar təşkilatı üzvlərini müdafiə etməkdənsə, əksinə, onlara qarşı imza toplamaq kampaniyasına cəlb edirlər. Nəticəsi nə oldu bəs? Bax, mənim kimi təcrübəli və məlumatlı əməkdaşı niyə uzaqlaşdırılmasının səbəbləri bəlli olur

Zakir Nağıyev, Mansur İbrahimov öz ağıllarına gələni yazırlar ki, guya mən işdən çıxarılmağımdan iki il sonra müraciət etmişəm. Bu və çox saylı ərizə və müraciətlərim poçtla ünvanlanıb. İnanmırsınız, Universitetin dəftərxana (ümumi şöbəsində) qeydiyyatından keçməklərinə baxa bilərsiz. Baxın, mənim çoxsaylı, Cəfər Cəfərova göndərilən ərizələrimə - 28.09.2017, 07.05.2018, 10.05.2018 tarixdə rektora ünvanladığım məzmuna diqqət edin.

Şübhəsiz, bilirsiz, bunlar cəmiyyəti çaşdırmağa ölçülüb.

Yüzlərlə Lerik sakinin cənab Prezidentə müraciətinə don geyindirmək xalqı italətsizliyə sövq etməkdən də çəkinmirlər. Sakinlər Bakı şəhər İcra Hakimiyyətinin başçısına dinc aksiya keçirmək üçün müraciət edəcəklərini düşünsünlər. Cənab Prezidentin axırıncı (Neftçilər parkının açılışında) sakinlərlə görüşəndə "bəzi məmurlar təəssüf ki, xalqı incidirlər" deməsi təsadüfü deyil. Nə qədər desəniz belə, "Prezident mənə dedi ki, get nə istəyirsən elə" - cənab Prezidentin sərt üzünün siz məmurlara qarşı bir gün dönəcəyinə əminik. Onda sizi "Administrasiyada tələbə yoldaşlarım var" deməkləriniz də xilas etməyəcək.

Cənab Prezident bəzi məmurlara harda olmaqlarını yaxşı göstərə biləcək gücündədir. Əminik ki, müraciətlərimiz nə qədər gizlədilərsə, bir gün cənab Prezidentə şəxsən çatacaq. Ədalətin bir gün qələbə çalacağına inanırıq. Burda yadıma düşdü, yuxarıda nəyə görə islahatçı M.Qorbaçovu yada salmışdım. Çünki o, "islahat" deyib ölkəni dağıtmışdı. O zaman ondan yuxarıda Allahdan başqa kimsə yox idi. Bizim Allahımızla yanaşı, cənab Prezidentimizin də olduğunu bilirik.

ADPU-nun sabiq əməkdaşı

Vidadi Hüseynov