“Azərbaycanda terror təhlükəsi yoxdur” - YAP rəsmisi

"Vaxtaşırı Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə Ermənistan xüsusi xidmət orqanları Bakıda və bölgələrdə təxribat törətməyə çalışırlar”.

Sabahinfo.az xəbər verir ki, bu barədə AzVision.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Deputat vurğulayıb ki, ölkəmizdə baş verə biləcək, planlaşdırılan istənilən təhlükənin qarşısı aidiyyatı orqanlar tərəfindən vaxtında alınır.

"Ermənistan və anti-Azərbaycan mərkəzləri bir məsələni bilməlidirlər ki, Azərbaycan artıq güclü dövlətçiliyə malikdir. Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları öz üzərlərinə düşən vəzifələri çox yüksək səviyyədə, peşəkarlıqla yerinə yetirirlər. Onların fəaliyyəti və eyni zamanda cəmiyyətin inamı, sayıqlığı olmasaydı, Azərbaycan çoxdan Suriyaya, Yəmənə, Somaliyə dönmüşdü”.

Millət vəkili bildirib ki, anti-Azərbaycan qüvvələri heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər: "Gələn dəfə Ermənistan hakimiyyəti və anti-Azərbaycan mərkəzləri ölkəmizdə hansısa provakasiya ilə bağlı layihəyə pul ayırarkən bilsinlər ki, Azərbaycan vətəndaşları sayıqdır. Ona görə də belə qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcək”.

YAP funksioneri Azərbaycanda terror təhlükəsinin olmadığını vurğulayıb.