Cocuq Mərcanlı şagirdləri Bakıda

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Azərbaycan Respublikası Prezident Admnistrasiyası tərəfindən həyata keçirilən Azərbaycanımızı tanıyaq layihəsi çərçivəsində unikal addım atıb. Belə ki, təşkilat Cocuq Mərcanlı kənd tam orta məktəbində təhsil alan 20 şagirdin Bakıya səfərini reallaşdırıb. SABAHİNFO.AZ xəbər verir ki, səfəri təşkil etməkdə məqsəd şagirdlərin ölkəmizin paytaxtı ilə bağlı geniş məlumat toplamasını təmin etməkdir. 3 günlük səfər çərçivəsində Bakının gəzməli, görməli yerlərində olan şagirdləri qarşılayan Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev dedi ki, rəhbərlik etdiyi təşkilat 3 dəfə Cocuq Mərcanlıya səfər edib. Coşğu və iztihamlı keçən tədbirlərdə şagirdlərlə görüşlər təşkil olunub.

Ş.Hacıyev onu da bildirdi ki, səfər çərçivəsində Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəblə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında əməkdaşlıq sənədi imzalanıb ki, bu sənəd hər iki təhsil ocağının qarşılıqlı əməkdaşlığında yeni səhifə açacaq.  

Səfərin gündəliyinə uyğun olaraq şagirdlər Şəhidlər Xiyabanında olub. Şəhidlərimizin məzarına güllər qoyublar. Daha sonra Cocuq Mərcanlı məktəbliləri Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbdə "Sinəsi dağlanmasın, bölünməsin bu torpaq” adlı tədbirdə iştirak ediblər.

Tədbirdə iştirak edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycan Ordusu Aprel döyüşlərində öz gücünü düşmənə göstərdi. Məhz bunun nəticəsidir ki, düşmənin silahlı qüvvələrindən bir kilometr aralıda yerləşən Cocuq Mərcanlı kəndində insanlar rahat şəkildə yaşayırlar. Azərbaycan Ordusuna güvənən Cocuq Mərcanlı sakinlərinin burada rahat şəkildə yaşadığını deyən deputat dövlətin onlara yeni iş yerləri, məktəb yaratdığını söyləyib.

Sonra C.Əskərov adına 50 nömrəli və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəblərinin direktorları Sədaqət Həsənova və Zamin Həziyev Səbail rayon YAP təşkilatına bu cür tədbiri təşkil etdiyinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu tədbir məktəblilər arasında birliyi gücləndirir. Daha sonra məktəb direktorları təhsil ocaqlarının qardaşlaşması ilə bağlı niyyət protokolu imzalayıblar.

Tədbirin sonunda məktəblilərin hazırladığı kompozisiya nümayiş olunub.

Səfərin ikinci günündə məktəblilər Azərbaycan Xalça Muzeyində, Atəşgahda, Qala muzeyində və Yanardağda olublar.

Ədil Ədilzadə