Əli Həsənov: Bakı Rusiya ilə Türkiyə arasındakı gərginliyi aradan qaldırmağa çalışır

"Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir”.

Azərbaycan Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasına çalışır.

sabahinfo.az-ın xəbərinə görə, bu sözləri "Sputnik-Azərbaycan”-a müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. 

"Rusiya ilə Türkiyə arasında müşahidə olunan gərginlik Azərbaycanı narahat etməyə bilməz. Çünki Azərbaycan hər iki dövlətlə yüksək səviyyəli, strateji tərəfdaşlıq əlaqələrinə malikdir” – deyə Ə.Həsənov bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, yaşadığımız regionun iki böyük ölkəsi arasında hər hansı problem dərhal bütün bölgənin sabit inkişafına mənfi təsir göstərir. 

"Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Dövlət başçısı Azərbaycan tərəfinin Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylər göstərməyə hazır olduğunu ifadə etmişdi. Buna görə də biz Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasına çalışırıq”,- deyə Ə.Həsənov vurğulayıb. 

Prezident köməkçisi qeyd edib ki, Rusiya və Türkiyənin öz səylərini ortaq maraqlar üzərində davam etdirməsi, keçmişə deyil, gələcəyə istiqamətlənmiş birgə fəaliyyəti həm regionumuz, həm də Azərbaycan üçün çox vacibdir.