Əliyev və Putin ticarət dövriyyəsinin azalmasını müzakirə etdilər

Dövlət başçımız bunun müvəqqəti xarakter daşıdığını bildirib.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin görüşü zamanı son zamanlar müşahidə olunan ikitərəfli əmtəə dövriyyəsinin azalması məsələsi müzakirə edilib, sabahinfo.az Report-a istinadən xəbər verir. 

"Bizim müzakirə üçün toplaşdığımız problem məlumdur - bu, bizə əvvəlki dövrdən qalan Qarabağ problemidir, lakin mən bu görüşdən istifadə edərək, ikitərəfli münasibətlərimizdən və danışmaq istərdim. İlk növbədə, başa çatan Peterburq Beynəlxalq İqtisadi Forumu fonunda qeyd etmək istəyirəm ki, məlum səbəblərdən, təəssüf ki, biz əmtəə dövriyyəsinin müəyyən azalmasını müşahidə edirik", - V.Putin İ.Əliyevlə görüşünün əvvəlində bəyan edib. 

Bundan başqa, V.Putin ikitərəfli əməkdaşlığın humanitar aspektlərini də müzakirə etmək niyyətində olduğunu bildirib. 

Rusiya prezidenti həmçinin vurğulayıb ki, Azərbaycanda rus dilinin öyrənilməsinə diqqətlə yanaşırlar, ölkədə Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir. 

"Biz bunların hamısını çox yüksək dəyərləndiririk. Ümid edirəm ki, gələcək işimiz də bütün istiqamətlərdə davam etdiriləcək”, - V.Putin deyib.

Öz növbəsində, Prezident İlham Əliyev Peterburq Beynəlxalq İqtisadi Forumun uğurla keçirilməsi münasibətilə həmkarını təbrik edib və əlavə edib ki, Azərbaycan forumun işində fəal iştirak edib. 

"Bizə çox xoşdur ki, Azərbaycanda qismən Rusiya bankı tərəfindən maliyyələşdiriləcək iri enerji obyektinin yaradılması haqqında sənəd sizin iştirakınızla imzalanıb”, - Azərbaycan prezidenti vurğulayıb.

Rusiya-Azərbaycan arasında əmtəə dövriyyəsinin azalmasından danışaraq, İ.Əliyev bunun müvəqqəti xarakter daşıdığından əmin olduğunu bildirib. 

"Biz onun bərpa olunması və artırılması yollarını axtarırıq. Düşünürəm ki, bu, baş verəcək. Bundan başqa, bizim enerji sahəsində aktiv qarşılıqlı münasibətlərimiz, nəqliyyat əməkdaşlığı sahəsində yaxşı perspektivlərimiz mövcuddur”, - Azərbaycan prezidenti söyləyib. 

İlham Əliyev həmçinin Vladimir Putini Azərbaycanda görəcəyinə ümidvar olduğunu bildirib.