Elmar Məmmədyarov 5 həmkarı ilə görüşdü

Qoşulmama Hərəkatının Venesuelanın Marqarita adasında keçirilən zirvə toplantısında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra, İndoneziyanın xarici işlər naziri Retno Marsudi, Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşlər keçirib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşlərdə ikitərəfli siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparıldı. Həmçinin, Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində duran məsələlər müzakirə edildi. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olundu.

Nazir Elmar Məmmədyarov tərəf-müqabillərinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verərək Qoşulmama hərəkatı çərçivəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə münasibətdə ifadə olunan ardıcıl ədalətli mövqeyin yüksək qiymətləndirildiyini vurğuladı.

Venesuelada keçirilən zirvə toplantısında Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasının gözləndiyini deyən Elmar Məmmədyarov qeyd etdi ki, Azərbaycan sədrlik dövründə Hərəkatın məqsəd və məramlarının təşviqi və inkişafı istiqamətində səylərini əsirgəməyəcəkdir.