Ermənistanın düşmənçilik siyasətinə dini don geyindirilməsinin əsası yoxdur”

"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinə dini don geyindirilməsi cəhdlərinin heç bir əsası yoxdur”.

 

Azərbaycan parlamentindən APA-ya verilən məlumata görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Parlamentlərin nifrətə və irqçiliyə qarşı birgə fəaliyyəti” mövzusuna həsr olunan sessiyasındakı çıxışında deyib. O xatırladıb ki, 25 ilə yaxındır, Azərbaycan ərazisinin 20 faizi, yəni, Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon işğal olunub və bu ərazilərdə etnik təmizləmə aparılıb: "Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyondan çox dinc sakin doğma yurdundan didərgin salınıb”.

 

Spiker münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylərin Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermədiyini təəssüflə qeyd edib. Oqtay Əsədov cari ilin aprelində Ermənistan silahlı qüvvələrinin növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutduğunu, Azərbaycan Silahlı Qüvvələrinin dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olduğunu, genişmiqyaslı hərbi əməliyyatların çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxardığını diqqətə çatdırıb.

 

Parlamentin sədri deyib ki, bu gün etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının dünya üçün nə dərəcədə təhlükəli olduğu hamılıqla qəbul edilməlidir: "Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və bütün münaqişələr, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri əsasında, xüsusən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.