"Bəs niyə jurnalistlərin çoxu bu qərardan narazıdır?"

Jurnalistlərin mənzil sahibi olması ilə bağlı 2 gündür ki, sosial mediada aktiv müzakirələr gedir. Son illərdə qanunvericilikdə aparılan dəyişikliklər nəticəsində 15 il rəsmi iş təcrübəsi olan və MEDİA reyestrinə qəbul edilmiş jurnalistlər güzəştli ipotekayla (4%) yanaşı, MİDA-nın inşa etdiyi binalarda da mənzil sahibi ola biləcəklər. Bu yaxşı qərardır və təqdir olunmalıdır. Bəs niyə jurnalistlərin çoxu bu qərardan narazıdır? Cavab sadə və anlaşılandır.

1. İrad və narahatlıqlar başa düşüləndir, haqlıdır. Çünki, hazırki media sahəsində gəlirləri qeyd olunan tələblərə cavab verən jurnlaistlər çox azdır. Təssüf ki, onların bəziləri öz rəhbərlərindən aldıqları əmək haqqını tam rəsmiləşdirməyi belə tələb edə bilmirlər. Yaxud o şəxslərin ki, gəlirləri MİDA-nın tələblərinə adekvatdır onlar artıq hökumətdən azı 1 pulsuz mənzil alıblar, hətda 2 və daha çoxuna sahib olanlara da rast gəlmək olar. İndi ev almayan şəxslər də bir müraciət hazırlayıb altına ictimai xadimlərin, QHT təmsilçilərinin imzasını toplayıb dövlətdən tələb etsələr ki, mənzil alan şəxslərin mənzilləri qiymətləndirilsin və onlar da hissə-hissə ödənişə cəlb olunsunlar, bu, nə qədər ədalətli və doğru olar? Düzdür hüquqi baxımdan mümkün deyil, amma hətda düşüncəsi belə narahatlıq yaradır, absurddur.

2. Əgər dövlət jurnalistlərin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı proqramın icrasına başlayıbsa və hətda bunun böyük bir hissəsini həyata keçiribsə bu yarıda dayandırılmamalı, başa çatdırılmalıdır. Sosial ədalət prinsipləri, lurnalistlərin dövlətə və dövlətin jurnalistlərə münasibəti baxımından da bu çox vacibdir. Əvvəl tikilən binalarda baş verən neqativlərdə jurnalistlərin günahı yoxdur, olsa da çox azdır. Dövlətin müvafiq sahəyə təhkim etdiyi vəzifəli şəxslərin günahını, neqativlərini jurnalistlərin çiyninə yükləmək doğru deyil. Əksinə o neqativlərdən nəticə çıxararaq daha ədalətli, daha şəffaf və hamının razı qala biləcəyi bir addım atmaq, həqiqi ehtiyacı olanların mənzil təminatını həyata keçirmək lazımdır.

3. Jurnalistlər üçün tikilmiş binanın Şəhid Ailələrinə verilməsi məsələsində də mənim mövqeyim fərqlidir. Hamının mövqeyinə hörmətlə yanaşdığımı bildirməklə, mən o binanın şəhid ailələrinə verilməsinə razı deyiləm. İstəmirəm ki, övladını, həyat yoldaşını, atasını vətən uğrunda itirmiş müqəddəs şəxslər gələcəkdə "Bura jurnalistlər üçün tikilmişdi, sonra şəhid ailələrinə verildi"! tənəsilə qarşılaşsınlar. Açığını desəm, etiraf etməliyəm ki, Şəhid Ailəsinin üzvləri şəhərin mərkəzində, daha geniş və daha komfortlu şəraitə layiqdirlər və inanıram ki, hamı kimi dövlətimiz də bunu başa düşür, məsələyə də bu cür yanaşır.

O ki qaldı hansısa qurumlara müraciətlərə, seçimlərin şəffaflığına, digər fikirlərə bu məsələdə artıq jurnalistləri qınayıram. O neqativləri araşdırmaq, üzə çıxarıb ictimailəşdirmək, onlara qarşı mübarizəni təşkil etmək, önündə dayanmaq və geri çəkilməmək jurnalistlərin işidir. Siz istəmədən birinizi harasa qəbul edib digərinizi kənarda saxlaya bilməzlər,,,

Ramil Osmanlı
EKSPERT