Gəncə Aqrar Universitetinin uğurları

Ölkəmizdə ali aqrar təhsil üzrə mütəxəssis hazırlığına 1920-ci il dekabrın 16-dan başlanılıb. Belə ki, həmin dövrdə Bakı Politexnik İnstitutunun tərkibində kənd təsərrüfatı fakültəsi yaradılmışdı. 1929-cu ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldı. İnstitut yaranandan sonra 1931-ci ildə Gəncəyə köçürüldü. 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Bu gün universitetdə bakalavriat, magistratura və doktorantura üzrə əyani və qiyabi təhsil formalarında mütəxəssis hazırlığı aparılır. Əvvəlki illərdən fərqli olaraq son iki ildə yüksək balla, (hətta 600-dən çox) universitetə qəbul olunanların sayı əhəmiyyətli dərəcədə artıb. Yaşı ötmüş pedaqoji heyətin müasir düşüncə tərzinə malik perspektivli gənclər hesabına cavanlaşdırılması istiqamətində işlər həyata keçiririk ki, bu da öz müsbət nəticələrini verməkdədir.

 Bu dəfəki yazımızda Gəncə Aqrar Universitetində görülən işlərdən bəhs edəcəyik. Universitetin rektoru İbrahim Cəfərovun rəhbərliyi altında həyata keçirilən uğurlu tədris prosesi, əməkdaşlıqlardan söhbət açacağıq.

İlk öncə qeyd edək ki, GAU-da Avropa və dünyanın əksər universitetlərində tətbiq edilən Bolonya prosesi – kredit sistemi ilə universitetdə tədris prosesi həyata keçirilir. Son illərdə universitetin xarici ölkələr, o cümlədən Avropa ölkələrinin universitetlərilə (Fransa, İspaniya, Niderland, Almaniya, Macarıstan, Polşa, Belçika, MDB ölkələri və Türkiyə universitetləri) tədris və elmi əməkdaşlıq sahəsində müqavilələr bağlanıb. Bu müqavilələrə əsasən ADAU-nun tələbə və müəllimləri həmin universitetlərdə, xarici universitetlərin tələbə və müəllimləri də bizim universitetdə təcrübə keçir, elmi-praktik konfranslarda və digər tədbirlərdə iştirak edirlər. Xarici aqrar universitetlərin zəngin təcrübəsindən ADAU-da geniş istifadə olunur. ADAU-da Beynəlxalq elmi-praktik konfransların, ustad dərslərin keçirilməsi son illərdə ənənə şəklini almışdır ki, bu da xarici ölkə alimlərinin təcrübələrindən səmərəli istifadə olunmasına zəmin yaradır. Elm, istehsalat və tədris modelinin yaradılması istiqamətində aparılan gərgin işlərə görə ADAU 2011-ci ildə Avropa Rektorlar Şurası Assambleyasının "Elm və təhsildə nailiyyətlərə görə qızıl medalı” ilə təltif olunub. Rektorluq, professor-müəllim heyəti kənd təsərrüfatı ixtisasları qrupu ilə yanaşı digər ixtisaslar üzrə mütəxəssis hazırlığına da önəm verir. Belə ki, aqrar sahə üçün prioritet sayılan "torpaqşünaslıq və aqrokimya”, "aqronomluq”, "meşəçilik”, "ekologiya”, "su bioehtiyatları və akvabitkilər”, "yerquruluşu, torpaq və şəhər kadastrı”, "zootexniklik”, "baytarlıq”, "baqlıqçılıq və balıqçılıq təsərrüfatı işi”, "aqromühəndislik” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müvafiq Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq bakalavriat səviyyəsinə kənd təsərrüfatı ixtisasları üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Əvvəlki tədris illərindən fərqli olaraq 2015/2016-cı tədris ilində kənd təsərrüfatı ixtisaslarının əksəriyyəti üzrə qəbul planı tam yerinə yetirilib. Bu ixtisaslar ilə yanaşı universitetdə "qida məhsulları mühəndisliyi”, "istehlak mallarının ekspertizası və marketinqi”, "əczaçılıq”, "maşın mühəndisliyi”, "elektroenergetika mühəndisliyi”, "informasiya texnologiyaları və sistemləri mühəndisliyi”, bir neçə iqtisadi ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır.


ADAU ailəsinin növbəti qələbəsi


Qafqazın ən böyük təhsil facebook səhifəsi olan "Azərbaycan Universitetləri” səhifəsi 2016/2017-ci tədris ilinin ən yaxşı rektorunu müəyyən edib. Səhifənin rəhbəri Zöhrab Süleymanın verdiyi məlumata görə, Sosial tələbə sorğusu bu dəfə 2 səsvermə əsasında müəyyən edilib. 85.000 istifadəçinin görülməsi olduğu səsvermədə səslərin 41%-ni Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov toplayıb. İbrahim Cəfərova 2-ci səsvermədə digər universitet tələbələri də böyük dəstək verib.

Əslində bu belə də olmalıydı. İllərin gərgin zəhməti təkrar bəhrəsini verib və inam var ki, bu cür qürur yüklü qələbələr davamlı olacaq.

Rektor İbrahim Cəfərov bütün varlığı ilə tələbələrinə, başçılıq etdiyi universitetə bağlı ziyalı, ən ləyaqətli müəllim, rəhbərdir. Bu belə olmasaydı ikinci dəfə tələbələrin səs çoxluğu ilə sosial yarışmanın qalibi ola bilməzdi. Az öncə deyildiyi kimi hətta başqa universitetlərin tələbələri belə onu dəstəkləməzdi. İndi tələbə yalnız ədalətə, qayğıya və diqqətə möhtacdır. Bunlar ADAU da tam mənası ilə ödənir. Tələbə reallıqla yalanı həmən anlayır və yalana etirazını bildirməkdən çəkinmir. Onların qəlbini oxşayıb, hər cür təhsil şəraiti yardığı üçün də İbrahim müəllim həmişə sevilib. Bir neçə faktı nəzərə çatdıraq. Tələbə istənilən vaxt, yəni, qəbul günü və saatı nəzərə alınmadan rektora arzusunu, təklif və problemini söyləyib onu müzakirə edə bilir. Problemə yerindəcə reaksiya isə tələbəni daha inamlı edir. Hətta tələbənin rektorun telefonuna etdiyi zəng də cavabsız qalmır. Digər tərəfdən isə rektor daim tələbə arasında olur, Yeni istifadəyə verilən tələbə evində, fakültələrdə tez-tez tələbələrlə görüşən İbrahim Cəfərov həm də onların ən yaxın dostuna, sirdaşına çevrilib.

Cənab Prezident İlham Əliyevin aqrar təhsilə qayğısının nəticəsi və İbrahim Cəfərovun müsəlləh əsgər kimi verilən tapşırıqları vicdanla yerinə yetirməsi bu gün də keçirilən sosial yarışmada təsdiqini tapıb. İndi ADAU-da keçirilən islahatlar bu təhsil müəssisəsinin nüfuzunu daha da artırıb. Yaradılan istixanalar, quşçuluq, balıqçılıq, arıçılıq, bildirçin yetişdirmə tədris mərkəzləri təkcə tələbənin təcrübə məkanları deyil, həm də bütün şəraitə malik tədqiqat yerləridir. Bu şəraitdə təhsil alan tələbə təbii ki, dövlətin etibarını doğrulda bilir, mükəmməl bir kadr kimi yetişir.


 Universitetdən fermerlərə dəstək

Azərbaycan Dövlət Aqrar Universitetinin aqranomluq fakültəsində  Gəncə və ətraf bölgələrdən olan fermerlərlə təhsil müəssisənin professor, müəllim və tələbə heyəti bir araya gəlib, səmimi və işgüzar görüş keçirilib. Kənd təsərrüfatının inkişafı məqsədilə keçirilən toplantı-görüşün əsas məqsədi fermerlərə yaxından kömək göstərmək, nəzəriyyə ilə təcrübənin fermer təsərrüfatlarına tətbiqini təmin etmək olub.

ADAU-nun mətbuat xidmətinin məlumatına görə görüşdə 8 rayondan 40-dan artıq fermer iştirak edib. Toplantıdan əvvəl fermerlər universitetin tədris bazası ilə tanış olub, ayrı-ayrı laborotoriyaların iş fəaliyyəti barədə geniş məlumat əldə ediblər. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bildirib ki, bu gün aqrar elmin qarşısında çox ciddi məsələlər durur. Ən vaci olanı isə nəzəriyyə ilə təcrübənin qoşalaşdırılmasıdır. Bunun üçün də təbii ki, tələbə sahələrdə olmalı, öyrəndiklərini əkinçilikdə və heyvandarlıqda tətbiq etməlidir. Bu zaman həm tələbə mükəmməl kadr kimi formalaşar, həm də təsərrüfat sahibi qazanar. Bu cür görüşlər ayda ən azı iki dəfə keçirilməlidir.

Görüşün sonunda 3 fermer təsərrüfatı ilə müqavilə imzalanıb, tərəflər götərilən öhdəliklərə razılığını bildirib və fermerlərin təsərrüfatlarından universitetin bazası kimi istifadə olunması, tələbələrin orada təcrübə keçməsi razılaşdırılıb.  Müqavilə imzalanan təsərrüfatlarda istixana şəraitində xiyar, çiyələk, eləcə də üzüm, paxlalı və dənli bitkilər yetişdirilir.

ADAU- vaxtaşırı bütün tədbirlər keçirilir. Mətbuatla əlaqələr günün tələbləri səviyyəsində qurulur.Universitetin və tələbələrin uğurları hər gün artmaqdadır. Biz də saytımız olaraq hörmətli Rektor professor İbrahim Cəfərova və universitetin bütün professor, müəllim və tələbə kontingentinə sevinc doğuran uğurlar arzulayırıq.

 

Yusif Məhəmmədoğlu