İlham Əliyev Çin kommunistləri ilə görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

sabahinfo.az  xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Qonaqları Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə etdi. "Biz Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına böyük önəm veririk”, - deyən dövlətimizin başçısı ötən ilin sonunda Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər çərçivəsində aparılan danışıqların, imzalanan sənədlərin gələcək əməkdaşlıq baxımından əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi, humanitar, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, bu səfər dostluq münasibətlərinin genişlənməsində daha bir mühüm addım olacaq.

 

Azərbaycana səfərindən məmnun olduğunu deyən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli Bakıya səfər etməzdən öncə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdüyünü bildirdi, onun ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırdı. O dedi ki, Çin Xalq Respublikasının Sədri Azərbaycanı Çin üçün mühüm və dost ölkə hesab edir. İlk dəqiqələrdən paytaxtımızda gedən inkişaf proseslərinin, şəhərimizin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyən Can Qaoli Bakının şəhərsalma baxımından tarixlə müasirliyin vəhdətinin nümunəsi olduğunu bildirdi, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğuladı.

 

Prezident İlham Əliyev qısa müddət ərzində Çindən yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana həyata keçirdikləri səfərləri münasibətlərimizin yaxşı nümunəsi kimi qiymətləndirdi, Çin ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunu almasını bu təşkilata tam inteqrasiya olunmaq istiqamətində ilkin addım kimi dəyərləndirir və bu təşkilat ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm yer tutur. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığa böyük önəm verdiyini bildirdi. Azərbaycanın Çin ilə İpək Yolu infrastrukturunun yaradılması və inkişaf etdirilməsində birgə fəaliyyətdə maraqlı olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan Çindən Avropaya və əksinə malların daşınmasında mühüm tranzit rolunu oynamağa hazırdır. Bunun üçün ölkəmizdə dəmir yolunun, həmçinin Xəzər hövzəsində ən böyük yeni dəniz limanının inşası və burada azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür və Azərbaycan bu işlərdə Çin şirkətlərinin fəal iştirakında maraqlıdır. Dövlətimizin başçısı Çin investisiyalarının iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırılmasının ölkəmiz tərəfindən alqışlandığını bildirdi. Çin şirkətlərinin Azərbaycanın inşaat sektorunda uğurla iştirak etdiklərini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında turizm, mədəniyyət, təhsil, enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, rabitə-kommunikasiya texnologiyaları və digər istiqamətlərdə əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğuladı, Çinin iqtisadiyyatın bütün sahələrində əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırdı.

 

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli vurğuladı ki, Çin Azərbaycan ilə münasibətlərə böyük önəm verir. Qonaq bundan əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun ölkəmizdə olduğunu və həmin səfərin onda böyük məmnunluq doğurduğunu bildirdi. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda birgə qarşılıqlı fəaliyyətinin önəmini qeyd edən Çin nümayəndə heyətinin rəhbəri regional təhlükəsizlik işində də qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğuladı. "Biz Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiya qoymağa təşviq edəcəyik”, - deyən qonaq Çinin Böyük İpək Yolunun bərpasında, eyni zamanda, sənaye istehsalı, neft-qaz sektoru, maşınqayırma, yüksək texnologiyalar, infrastruktur, təhsil, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı. O, ölkələrimizin hakim partiyaları arasında əlaqələrin genişləndirilməsinin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirdi. Can Qaoli dedi: "Yeni Azərbaycan Partiyasının əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Sizin rəhbərliyinizlə bu partiya Azərbaycanın ümumi inkişafında və tərəqqisində mühüm rol oynayır. Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda gedən inkişaf prosesləri və yürütdüyünüz uğurlu siyasət Azərbaycan xalqının tərəqqisinə xidmət edir”. Can Qaoli bildirdi ki, Çin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib və dəstəkləyir.

 

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin ölkəmiz haqqında dediyi xoş sözlərə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda fəal əməkdaşlıq etdiyini bildirdi, Çinin bu təşkilatlarda ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu, Ermənistanın təcavüzkarlıq siyasəti və münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verdi. Bildirdi ki, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı ölkələrimizin hakim partiyaları arasında əməkdaşlığın da əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini onun üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı Çin Xalq Respublikası Sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

 

Sonda xatirə şəkli çəkdirilib.