"Birgə Bəyannamənin qəbul edilməsi diplomatiyamızın uğurudur"

Prezident İlham Əliyevin Soçinin ardınca Brüsselə səfəri və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşü mühüm əhəmiyyət kəsb edir. Görüşün nəticəsi olaraq dekabrın 16-da Şərq Tərəfdaşlığının VI Sammitində birgə Bəyannamənin qəbul edilməsi Azərbaycan diplomatiyasının uğurudur. Bu, həm də Zəfərimizin Avropa tərəfindən qəbul edilməsinin bariz nümunəsidir. Birgə Bəyannamənin qəbulu bir daha onu sübut edir ki, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə Bəyannamədə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlərin əks olunduğunu bildirib. Qeyd edib ki, Aİ bütün tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib. Sənəddə Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş layihəsi ilə bərabər, qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması yüksək qiymətləndirilib.

Deputat diqqətə çatdırıb ki, Şarl Mişelin bəyanatında Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu, Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəkdir.

M.Abbaszadənin sözlərinə görə, Azərbaycan-Aİ əlaqələrinin hazırkı siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” sənədi təşkil edir. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib. Azərbaycan Aİ ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Azərbaycan çoxtərəfli formatla yanaşı, Aİ-yə üzv ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə də önəm verir. Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

“Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələnin daxil edilməsi bəyanatın digər önəmli məqamlarından biridir. Bu məsələ Azərbaycan dövlətini hər zaman narahat edir və bu barədə dəfələrlə məsələ qaldırılıb. Çünki Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 mindən çox Azərbaycan vətəndaşının taleyi barədə heç bir məlumat yoxdur.

Bundan başqa, Aİ Cənubi Qafqaz regionunda kommunikasiya infrastrukturunun yaradılmasına, iqtisadi əməkdaşlığın inkişafına öz dəstəyini ifadə edib və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifini irəli sürüb. Daha bir önəmli məqam isə Aİ tərəfindən Azərbaycanın minatəmizləmə səylərinə dəstəyin verilməsidir”, - deyə Mahir Abbaszadə vurğulayıb.

Brüssel görüşünün Soçi razılaşmalarını daha da möhkəmləndirdiyini vurğulayan deputat diqqətə çatdırıb ki, bu görüşün ən mühüm və əsas nəticələrindən biri Azərbaycanın dəhliz məsələsində qalib gəlməsidir. Azərbaycan Prezidentinin Laçın dəhlizi ilə bağlı analoji şəraitin Zəngəzur dəhlizinə də aid olması ilə bağlı tələbi Avropada tam dəstəkləndi.