Koronavirusla mübarizədə İsmayıllı təcrübəsi

Çox təəssüf hissi ilə yazımıza COVİD-19 virusunun artım tempinin yüksək olması ilə bağlayırıq. Əgər ötən günlərə qədər bu virusa yoluxanların sayı 300-400 civarında dəyişirdisə artıq gündəlik yoluxma sayı 500 civarındadır və belə bir vəziyyət sözün həqiqi mənasında ciddi təhlükədir. Məhz buna görə, hökumət bir sıra ərazilərdə sərt karantin rejiminin tətbiq olunması yönündə qərar qəbul edib.   21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək müddəti əhatə edən qadağalar Bakı, Abşeron, Sumqayıt, Cəlilabad, Masallı, Gəncə, Yevlax rayonlarını əhatə edir. Ötən həftə belə bir sərt karantin rejimi İsmayıllı rayonunda tətbiq olundu. Aparılan müşahidələr onu deməyə əsas verir ki, rayon rəhbərliyinin vətəndaşlar arasında həyata keçirdiyi maarifləndirmə işləri nəticəsində ismayıllılar sərt karantin rejimində Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara tam əməl etdilər. Bir sıra rayonlarda sərt karantin rejimi ilə bağlı çətinliklər yaşansa da nə KİV-də nə də sosial şəbəkələrdə İsmayıllı ilə bağlı xoşagəlməz informasiyaların şahidi olmadıq. Bəs İsmayıllı ictimayyəti buna necə nail oldu?

 Düzgün maarifləndirmə

İsmayıllıda koronavirusla əlaqədar ictimai məsuliyyət monitorinq olunur. Ticarət, xidmət və ictimai-iaşə obyektləri, o cümlədən topdan və pərakəndə satış obyektləri, bazar, mağaza, market və nəqliyyatda insanlarla söhbətlər aparılır, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr aşılanıb. 
Təbliğat-izahat aksiyası icra nümayəndəlikləri və bələdiyyələrin vəzifəli əməkdaşları, həmçinin polislərdən ibarət mobil qruplar tərəfindən rayonun bütün yaşayış məntəqələrində həyata keçirilib. Tibbi maskadan istifadə və sosial məsafə saxlamağın vacibliyi təkrar izah edilib. Küçələrdə antisanitariya mənbələrindən sayılan ərzaq satışının qarşısı alınır, obyekt sahiblərinə ciddi xəbərdarlıq olunub. Dəfn mərasimləri istisna olmaqla yas məclislərinin keçirilməsinin qadağan edildiyi diqqətə çatdırılıb. İsmayıllı Rayon İcra Hakimiyyəti pandemiyaya qarşı mübarizə tədbirlərini Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında daha da gücləndirib. Sözügedən monitorinqin mütəmadi aparılır. 

Əhaliyə koronavirusla əlaqədar təlimat vərəqləri paylanır

İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində maarifləndirici posterlər yapışdırılıb, flayerlər paylanıb. Təlimat materiallarında 2 metr məsafə saxlamaq, maska taxmaq, əl ilə görüşməmək, öskürəndə ağızı tutmaq, ictimai nəqliyyatdan mümkün qədər istifadə etməmək, ehtiyac olmadıqda evdən çıxmamaq və digər tövsiyyələr verilib. 
Parça maskanın hazırlanması və ondan istifadə qaydaları da təlimatda yer alıb. Flayerlər əhalinin çoxluq təşkil etdiyi məkanlarda, o cümlədən küçə, park, ictimai nəqliyyat və dayanacaqda İdarə, müəssisə və evlərə də verilib. Posterlər bankomatlara, iaşə obyektlərinin qapı və pəncərələrinə yapışdırılıb. İcra nümayəndəlikləri və gənc könüllülər tərəfindən həyata keçirilən bu işlər nəticəsində 24 min flayer, 5 mindәn çox posterdən istifadə olunub.

Könüllülər sosial aksiyaları davam etdirir

Gənc könüllüləri vətəndaşların maarifləndirilməsi işində fədakarlıq edirlər. Belə ki, könüllülər  İsmayıllının mərkəzi küçələri və ictimai iaşə obyektlərində koronavirusa qarşı maarifləndirmə işləri aparıb, maska, əlcək və digər gigyenik vasitələr paylayırlar.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) İsmayıllıdakı Nümayəndəliyinin könüllüləri tərəfindən mağaza və restoranlara, o cümlədən taksilərə maarifləndirici məlumat lövhələri yapışdırılıb, sakinlərin əlləri xüsusi məhlulla dezinfeksiya edilib. Gənc Könüllülər rayonun Heydər Əliyev prospektində yerləşən parkda müxtəlif güllər əkib, Şəhidlər Xiyabanını ziyarət edib, lazımı təmizlik işləri görüblər. GİKM-nin İsmayıllıdakı nümayəndəliyindən əlavə icra hakimiyyətinin könüllüləri də rayonun turizm potensialının təbliğində iştirak edir, bu sahədə təcrübə qazanır. Müxtəlif tədbirləri kütləvi informasiya vasitələrində işıqlandırır və ictimayətə çatdırırlar. Qeyd edək ki, bu tədbirlər rayonda "Bir-birimizi qoruyaq", "Könüllü qonşu”, "Könüllü donor”, "Böyüklərimizi qoruyaq”  aksiyaları çərçivəsində gündəlik həyata keçirilir.

Örnək təşəbbüs

Yazı hazırlanarkən məlum oldu ki, İsmayıllı rayon icra hakimiyyətinin təşəbbüsü ilə vətəndaşlarla daha çox ünsiyyət sahələrində çalışan işçilərin COVİD-19 testindən keçməsi onlara tövsiyyə olunub. Rayonda xəstəliyin yüksək olması da həyata keçirilən  testlərdən sonra müəyyən olunub və artıq bu istiqamətdə atılan addımlar nəticəsində vəziyyət nəzarətə götürülüb. Onu da bildirək ki, testdən keçmək üçün heç bir vəsait tələb olunmayıb. Rayon Mərkəzi Xəstəxanasında bunun üçün geniş imkanlar yaradılıb.  

Bu arada onu da vurğulayaq ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və İsmayıllı rayonunun deputatı, Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan koronavirusla mübarizə, bu yöndə vətəndaş məsuliyyətinin artırılması üçün rayon ictimayyətinə davamlı olaraq çağırışlar edir. 

Ədil Ədilzadə