Məmmədyarov Lixtenşteynin baş nazirinin müavini ilə danışıqlar aparıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat, daxili işlər və ədliyyə naziri Tomas Tsvayfelhofer ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, T. Tsvayfelhofer E. Məmmədyarovun Lixtenşteyn Knyazlığına rəsmi səfərini Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib.

O, ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Görüş zamanı E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verərək, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini ifadə edib.
 
Nazir iqtisadi əməkdaşlıq məsələlərinə də toxunaraq bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb. O, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda reallaşan Şərq-Qərb, Şimal-Cənub, Bakı-Tiflis-Qars dəmiryolu kimi iri infrastruktur və nəqliyyat layihələri haqqında həmsöhbətinə geniş məlumat verib. Nazir Lixtenşteynin Avropanın ən sənayeləşmiş ölkələrindən biri olduğunu qeyd edərək, Lixtenşteyn şirkətlərini Azərbaycanda da fəal olmağa və sözügedən layihələrdə iştiraka dəvət edib.

Görüşdə tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Lixtenşteyn arasında ikiqat vergi tutulmasının aradan qaldırılması, sərmayələrin qorunmasına dair sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələlərinə də toxunublar.

T.Tsvayfelhofer iki ölkənin ticarət palataları arasında ilkin təmasların yaradılması və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması fikrini dəstəklədiyini bildirib. O, Azərbaycanda "Hilti” şirkətinin uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizin biznes mühitindən razılığını ifadə edib.

Görüşdə həmçinin TAP və TANAP layihələri, iqtisadi-ticarət sahəsində əməkdaşlığın digər aspektlərinə dair fikir mübadiləsi aparılıb.