Böyük Qayıdışa dair I Dövlət Proqramı- mühüm tarixi əhəmiyyət kəsb edir

Vətən Müharibəsindən iki il keçməsnə baxmayaraq, ötən müddət ərzində erməni işğalından azad olunan tarixi torpaqlarımızda  böyük bərpa və quruculuq işləri aparılır. 30 ilə yaxın davam edən  erməni terroru  və vandalizmi nəticəsində Qarabağ və Şərqi Zəngəzurda humanitar və  ekoloji fəlakət törədilmiş, qədim tarixi- mədəni- dini irsimiz dağıdılmış, evlər xarabaya çevrilmişdir.  Azərbaycan Prezidentinin siyasi qətiyyəti, hərbi sərkərdəlik məharəti, ordumuzun rəşadəti, xalqımızin birliyi nəticəsində döyüş meydanında qazanılmış  şanlı Qələbənin davamı Böyük Qayıdışın reallaşmasıdır.  

Əlbəttə ki bunun üçün ilk növbədə hüquqi əsas və institusional  mexanizmlər yaradılmalı idi.  Vətən müharibəsindən təxminən iki ay sonra yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. İnstitusional mexanizmlər isə demək olar ki, postmüharibə dövrünün ilk günlərində təsis olunmuşdur. Ölkə başçısı 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır. Digər vacib məsələ isə strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sisteminin qurulması idi. Biz  bunun da şahidi oluruq. Bir sözlə, Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun icrasını təmin etmək üçün bütün əsaslar və mexanizmlər mövcuddur.  Bu bir daha Azərbaycan xalqının, dövlətinin və Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yüksək inkişaf etmiş regionlara çevirmək istəyinin və əzminin ifadəsidir.

Qeyd etmək lazımdır ki, bu çox çətin və mürəkkəb, lakin həm də şərəfli və mühüm bir vəzifədir. 30 ilə yaxın Vətən həsrətində yaşayan keçmiş məcburi köçkünlərin haqqıdır. Azərbaycanın bu tarixi, qədim, zəngin, bərəkətli torpaqlarından hər birimiz ayrı düşmüşdük. Qarabağın və Şərqi Zəngəzurun inkişafı, Böyük Qayıdışın reallaşması təkcə ərazi bütövlüyünün bərpası, vətəndaşlarımızın doğma yurdlarına dönməsi,  ölkəmizin hərbi qüdrətinin artması ilə yanaşı, iqtisadi imkanlarımızın daha da artmasına səbəb olacaqdır. Əfsuslar olsun ki, 30 ilə yaxın idi ki, erməni işğalçıları və onların havadarı olan dövlətlər, bir sıra xarici şirkətlər sərvətlərimizi istismar etmiş, talan etmişlər. Və bu gün də  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində   talançılıq davam etməkdədir. Lakin çox tezliklə bu məsələ də öz həllini tapacaqdır.
     

Ümumiyyətlə, Dövlət Proqramınin strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilməsi, yaşıl iqtisadiyyat və yaşıl enerji enerji konsepsiyasının həyata keçirilməsi, insanların rifah halının yaxşılaşdırılmasıdır. Proqram çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır. Və əlbəttə ki, burada dövlət strukturları ilə yanaşı, özəl sektor, kiçik və orta sahibkarlıq subyektləri, o cümlədən qadın sahibkarlar da öz töhfələrini verməlidir.

Milli Məclisin Ailə, Qadın və uşaq məsələləri komitəsinin sədri,  
professor Hicran Hüseynova