Böyük tarixi zəfər

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işləri onu deməyə əsas verir ki, yaxın zamanda həmin ərazilərdə həyat canlanacaq. İşğaldan azad olunan digər ərazilərimiz kimi, Laçında da həyata keçirilən uğurlu infrastruktur layihələri bu rayonun gələcək perspektivindən xəbər verir. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir.

Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.

Qeyd edək ki, Laçın şəhərində işlər ötən ilin avqustin 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. O da məlumdur ki, Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib.

Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Laçın rayonu 1 dekabr tarixində boşaldıldı. Ondan sonra rayonun bərpa-quruculuq dövrü başlandı. Prezident İlham Əliyev qısa dövrdə görülən genişmiqyaslı işlərdən geniş bəhs edərək bildirdi ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcək.

Prezident İlham  Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndə təyin etməsi Laçın rayonunun inkişafı üçün mühüm məsələdir. Eyni zamanda bu işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun müsbət nəticələrə gətirib çıxaracaq. Cənab Prezident bu yöndə qeyd edib ki, bu idarəetmə  təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur 2023-cü il mart ayının 28-də cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edildi. Cənab Prezident İlham Əliyev görüş zamanı erməni vandalizmindən danışarkən “biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq” fikrini bildirərək 44 günlük müharibədə Şanlı Zəfərimizi bir daha yada saldı. Müzəffər Ordumuzun Laçın rayonunun cənub hissəsini, Güləbird və digər bir neçə kənd döyüşərək azad etdiyini, hərbiçilərimizin Laçın-Xankəndi yoluna çıxmasını, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsini Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardığını bildirdi. “Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir”.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı