Promoteyin qayıdışı



Xoşbəxtlik haqqında heç nə yazılmayıb. Heç film də yoxdur. Yazılması və çəkilməsi inandırıcı olmazdı. Nəzəri məfhumdur. İbtidai və primitiv hisslərdir. Biz düşüncələrimizdə xoşbəxtik. Buna heç kəs qarşı gələ bilməz. Həqiqətdə xoşbəxt sonluq barəsində fikir yoxdur. Fikir ola bilər, lakin bu praktikada həqiqət deyil. Cəhənnəm bizi qorxudur, hamımız cənnətə yığılmaq istəyirik. Çətin ölürük, bu bizim arzuladığımız həyat deyil. Hər şeyin yaxşısını istəyirik. Lakin mümkün deyil. Hamı bilir. Demək ki, xoşbəxtlik mümkün deyil. Yolxucu xəstəliklər, öldürücü viruslar, müharibələr, cinayətlər, cəhalət, çirkliliklər, tərs arzular, iyrənc ehtiraslar bizi maddələşdirir. İnsan düşüncələrin maddi halıdır. Hər şey bizim düşüncələrimizdə gözəldir. Etik dəyərlər və bütün hərəkətlər sadəcə birinin digəri üzərində olan üstünləri yarada bilir Bu xoşbəxtlik deyil. Düşüncələr xoşbəxtlik üçün nəzəri marşrut verir. Onlar olmadan irəliləmək də mümkün deyil. Rəssam Peter Paul Rubensin "Promotey əfsanəsi” əsəri maraqlıdır. Rəsmdə Zevs Promoteyi müqəddəs məşəli oğurlmaqda günahlandıraraq, onun cəzalandırılması hökmünü verir. Zevsin əmrinin simvolik ifadəsi var. Promotey insana, yəni özünün yaratdığı varlığa həyat vermək üçün məşəli oğurlayır. "Günah”ına görə, qayaya zəncirlənməyə, Tanrıların başçısı Zevs tərəfindən göndərilmiş qartal tərəfindən hər gecə yeyildikcə yaranan qaraciyərinin gəmrilməsinə məhkum olur. Əfsanəyə görə, işkəncə üç min il davam edib. Herakl qartalı öldürəndən sonra isə Promotey işkəncələrdən azad olur. "Promotey əfsanəsi”nin bizə verdiyi mesaj odur ki, insan sevgisi üçün ağrı çəkmək məhbusudur. Lakin ağrı duyğusunun yaratdığı bir sevgi hekayəsi var. Bu xoşbəxtlikdir. Promotey düşüncə təkamülünün ilk simvoludur. İnsanın özünü xoşbəxt hiss etməsi üçün zəka parıltısına və qavramı asan başa düşülən, nəticəsi etik dəyərlərə arxa tapan düşüncələrə ehtiyacı var. Lakin biz bütün hallarda pulun xoşbəxtlik yaradıcı fövqəltəbii qüvvə olmasına inanırıq. Onun çoxluğu və azlığı həmişə qorxudub. Pul xoşbəxtlik nəzəriyyəsinin bir maddəsidir. Daha çoxunu qazanmaq üçün mənəviyyatımızı təslim edirik. Xəyanət nümunəsidir. Biz özümüzü aldadırıq. Sındıqdan sonra içimizdə sızıltı yaradan mənlik ruhumuz xoşbəxtliyimizi də əlimizdən oğurlayır. Dəyişməyə ehtiyac hiss edirik. Dəyişmək inanc sistemidir. İnam mütləqdir. Dəyişmək – dəhşətli fikir partlayışının təzahürüdür. Hər insani müvəffəqiyyətin arxasında, yeniliklərin, elm və sosial qələbənin mənşəyində, dünyanın ən çətin səylərinin, gözəl, faydalı və varlıqlı olan hər şeyin nüvəsində istisnasız bir insan – bir fərd və onun düşüncələri var. Yalnız müstəqil düşünə bilənlər dəyişirlər. Dəyişmək çərçivəli yox, sərhədsiz səylərlə baş verir. Dünyada mövcud olan milyonlarla problemlərin yaranma səbəbləri əxlaqi dəyərlərə xidmət edən fikirlərin az olmasıdır. Azdlıqların bölünməz bütövlüyü bütün bağlı qapıların açarıdır. Azadlığın xülya olmadığına inanmaq birinci şərtdir. Bu, dəyişmək üçün mənbədir. Tanınan hüquqlar inqilabi zehinlər yaratmaq gücünə sahibdir. Sadəcə ehtirasları peşəyə çevirmək lazımdır. Zehinlər yeni mühitlərə istiqamət verir. Din və millət müxtəlifliyi əhəmiyyətli deyil. Sevib istəmək lazımdır. İstəmək sevilənə addım atmaqdır. Bəşəriyyət bununla yoxsulluğu kökündən qazıyıb, düşmənlərindən dostlar yarada biləcək, çirkinliklərin olmadığı dünya xalqı olacaq. Sadəcə əmək həsr etmək lazımdır. Əvvəlcə oxumaq vacibdir. Böyük ehtimalla bunları etmədən qışqırmaq mənasızdır. Hamı lider ola bilməz. Onları sonra gələnlər seçirlər. İnqilabi zehinlərə malik olanlar zənnimcə, düzgün seçim etməlidirlər. Reallaşacaq. Promotey qayıdacaq. Zəka qığılcımının dünyanı işıqlandırması üçün körüyü basmalıyıq. Təbiətən olanları, xüsusən də ölümü yaddan çıxarmalıyıq. Ölüm təbiətəndir, maddi olanlar üçün var. Bu xoşbəxt insan formuludur. Nəzəriyyə praktikaya belə keçir. Və biz xoşbəxtik.


Mənsur