“Brüssel formatı” Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanmasında mühüm platformadır

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə keçirdikləri görüşün nəticələri Azərbaycanın növbəti diplomatik nailiyyətidir. Dörd saat yarım davam edən danışıqları yüksək qiymətləndirən Şarl Mişel jurnalistlərə müsahibəsində bütövlükdə perspektivli və nəticə əsaslı görüş baş tutduğunu bildirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Deputat bildirib: Əvvəla qeyd etmək lazımdır ki, Avropa İttifaqı üçün Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf olduqca mühümdür. Digər tərəfdən, Azərbaycan və Ermənistan liderləri postmüharibə dövründə yaranmış vəziyyətin ədalətli və hərtərəfli həllinə önəm verən Avropa İttifaqının qərəzsiz vasitəçilik missiyasına etimad göstərirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə görüşü və əldə olunmuş tarixi razılaşma “Brüssel formatı”nın möhkəmlənməsində mühüm rol oynadı. Xüsusilə qeyd etmək lazımdır ki, burada Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.

“Brüssel formatı” çərçivəsində ilk görüş 2021-ci il dekabrın 14-də keçirilib. Azərbaycanla Brüssel arasında növbəti məsləhətləşmələr, əldə olunan intensiv əməkdaşlıq Aİ-nin vasitəçilik missiyasının imkanlarını daha da genişləndirdi. Bu danışıqları dəyərləndirən Ş.Mişel də Brüsseldə keçirilən ilk görüşdə tərəflərin bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa doğru addım atdıqlarını bildirdi. Burada xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev nə qədər çətin olsa da, səhifəni çevirməyə və sülh danışıqlarına hazır olduğunu bildirib. Buna əyani sübut isə Azərbaycan tərəfindən sülh müqaviləsinin hazırlanması ilə bağlı təkliflərini hazırlaması və qarşı tərəfə təqdim etməsidir.

Biz bu reallığı Brüssel görüşündə bir daha müşahidə etdik. Uzun sürən danışıqların nəticələri Aİ Şurası rəhbərinin bəyanatında öz əksini tapdı. Azərbaycan və Ermənistan yekun sülh sazişinin bağlanması üçün danışıqlara başlayır. Hər iki ölkənin Xarici İşlər nazirliklərinin rəhbərlərinə danışıqlara hazırlığa başlamaq tapşırıldı. Əlbəttə, bu, Azərbaycan Prezidentinin sülh müqaviləsi ilə bağlı 5 maddədən ibarət təklifinin qəbulundan sonra mümkün olub. Yəni, xarici işlər nazirləri fəaliyyətlərini bu sənəd əsasında quracaqlar. Burada əsas prinsipial məsələ Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığıdır. Eyni zamanda, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə, delimitasiya prosesinə başlaması barədə razılıq əldə olundu. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi artıq yeni müstəviyə keçir. Dövlət sərhədində erməni silahlı qüvvələri tərəfindən yaradılan gərginliyin azaldılması üçün ciddi şans var. Ən əsası isə belə işlər mövcud sərhədlərin tanınması və ərazi iddialarının rədd edilməsi istiqamətində mühüm addımdır.

Deputat diqqətə çatdırıb ki, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiqlənir. Həmçinin Avropa İttifaqı minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərəcək.

Yəni, biz hər bir nəticəni şərh etsək görərik ki, Azərbaycan öz hədəflərinə addım-adım nail olmaqdadır. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev bu görüşdə Azərbaycanın suveren hüquqlarının təsbit olunması siyasətinin əsas prinsiplərini növbəti dəfə rəsmiləşdirdi. Belə ki, qəbul olunmuş yekun sənəddə, yəni, Bəyanatda nə “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin, nə də siyasi-hüquqi statusunu itirmiş ATƏT-in Minsk qrupunun adı çəkilmir. Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan “Brüssel formatı” bölgədə sülh və təhlükəsizliyin yaranmasında mühüm platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin inamlı rəhbərliyi, müdrik və çevik diplomatiyası regionun sülhə və daha yaxşı gələcəyinə töhfə verir.