“Brüssel görüşü Azərbaycanın masada növbəti qalibiyyəti kimi yadda qalacaq” -  Aydın HÜSEYNOV

“Ermənistan cəmiyyətində Azərbycanla sülh müqaviləsi imzalamaq məsələsində fikir ayrılıqları var. Düşünürəm ki, bu da Paşinyan hakimiyyətinin ikili standartıdır. Bir tərəfdən hər kəsə sülh müqaviləsi imzalamaqda həvəsli göründüyünü büruzə verməyə çalışır, digər tərəfdən bəzi qəbuledilmz şərtlər irəli sürür. Ermənistan cəmiyyətinə bir, Azərbaycana ünvanladığı mesajlarda isə başqa bir mövqe ortaya qoyur. Bu da təbii ki, Azərbaycanı heç cür qane edə bilməz”. Bu Fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Ermənistanın mövqeyi bunu deməyə əsas verir ki, Brüsseldə keçiriləcək görüşün tezliklə nəticə verəcəyini düşünmək yanlışdır: “Ermənistandakı “revanşist”lər Paşinyana müstəqil siyasət yürütmək imkanı vermirlər. Həm də həmin qüvvələr erməni ordusunda dərin kök salıblar, Paşinyanın onları təmizləmək imkanından hələlik məhrumdur. Yəni, onun təmizləmək aparması üçün vaxtı və imkanı məhduddur. Üstəlik Paşinyanın özü də “status-kvo”-nun saxlanmasının tərəfdarıdır. Qarabağda baş verən hadisələrə sələflərindən fərqli reaksiya verir, Qarabağın Ermənistan üçün ərazi deyil, hüquqi məsələ olduğunu bildirir, bəzi mesajlarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində yaşayan ermənilərə gərginlik yaratmamağı məsləhət görür. Paşinyanın hadisələrə bu cür yanaşmasının arxasında bir hiylə olduğunu anlamamaq olmur. Baş nazir toparlanmaq üçün vaxt qazanmaq istəyir. Paşinyan Həm Ermənistan-Azərbaycan dövlət sərhədindəki mövcud problemlərin həllini, həm Qarabağdakı ermənilərin gələcək taleyini, o cümlədən daxili düşmənlərini neytrallaşdırmağın yollarını aramaqdadır. Bu problemlərin hamısını birdən həll etməyin mümkünsüz olduğunu bilir, bunun üçün də Azərbaycan faktorundan yararlanmağa çalışır. Amma Brüssel görüşündə Paşinyanın sələfləri Koçaryan və Sarkisyandan fərqli olaraq bəhanələr uydurmaq, görüşdən qaçmaq kimi imkanı olmayacaq. Azərbaycan Prezidenti Cənab İlham Əliyev isə bu günə qədər daim milli maraqlarımızı qoruyub, danışıqlar masasından həmişə qalib kimi ayrılıb, ölkəmizi, xalqımızı layiqincə təmsil edib. Brüssel görüşü Azərbaycanın masada növbəti qalibiyyəti kimi yadda qalacaq”.