Səfir: “Yaxşı və pis gündə Azərbaycanla Türkiyə birlikdədir”

Səfir: "Yaxşı və pis gündə Azərbaycanla Türkiyə birlikdədir”

 

Azərbaycan çevrilişə cəhdin ilk dəqiqələrindən Türkiyənin yanında oldu.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyəni  Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Xəyanətdən qələbəyə" filminin təqdimatı zamanı deyib.

 

O bildirib 15 iyul gecəsi ağır silahların vətəndaşlara  yönəldilməsi ilə yaşanılan  bu hadisə çox ağırdır: " Şanlı tariximizin yeni səhifəsini birlikdə izlədik. Bütün Türkiyə xalqı qarşımızda duran ortaq təhdidə qarşı çıxaraq ölkəsinə sahib çıxdı. Həmin hadisədən sonra içimizdə yerləşmiş, dərinliklərə işləmiş bir ünsürə qarşı mübarizəyə başladıq. Bu indiyə kimi Türkiyənin terrora qarşı apardığı mübarizənin ən çətini idi. Türkiyə bu təcrübədən güclənərək çıxdı. Yaxşı və pis gündə Azərbaycanla Türkiyə birlikdədir. Və bütün dünya bilməlidir ki, bu iki ölkə bir birini heç zaman tək buraxmayacaq. Türkiyə olaraq Azərbaycanla FƏTÖ-çulara qarşı birlikdə mübarizə aparmaq çox vacibdir. Biz Azərbaycanın bu günə kimi olan mübarizəsindən çox məmnunuq.  Bu sahədə də əməkdaşlığımız davam edəcək".  

 

Səfir qeyd edib ki, FETÖ-yə qarşı mübarizədə Türkiyə və Azərbaycan hər cür əlaqə vasitələrindən istifadə edirlər: "Azərbaycanla Türkiyə arasında hər təhdid və təhlükəyə qarşı mübarizə sahəsində sıx informasiya mübadiləsi əlaqəsi mövcuddur. Türkiyə əldə etdiyi bilgiləri uyğun kanallarla Azərbaycanla paylaşır. Biz Azərbaycanla təcrübə və məlumatları bölüşürük. Azərbaycanın da vacib bildiyi tədbirləri öz iradəsi çərçivəsində görməsi üçün lazimi qurumların müraciəti əsasında dəstəyimizi göstərməyə hazırıq”.