Səsvermə bülletenlərinin paylanmasına başlanıb

Sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanıb.

 

Mərkəzi Seçki Komissiyası katibliyinin media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK üzvləri, katibliyin rəhbərliyi və əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin mətbəəsində keçirilən tədbirdə beynəlxalq və xarici qurumların, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər maraqlı subyektlərin iştirakına hərtərəfli şərait yaradılıb.

 

Bu gün Naxçıvan Muxtar Respublikası, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, konsul idarələrində və üzən gəmilərdə Seçki Məcəlləsinin tələblərinə uyğun yaradılmış seçki məntəqələrinin aid olduğu seçki dairələri, eləcə də ölkənin ucqar bölgələrini əhatə edən, ümumilikdə 36 seçki dairəsi üzrə səsvermə bülletenləri müvafiq dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilmiş akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilib. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan təhlükəsizlik şəraitində hazırlanan səsvermə bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

 

Qeyd edək ki, ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, avqustun 8-dən etibarən səsvermə bülletenlərinin çapına başlanılıb və komissiyanın qərarı ilə 5 milyon 280 min 924 ədəd bülleten çap olunub. Seçki Məcəlləsinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.