Türkiyənin yeni səfiri nazirin qəbulunda - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, E.Məmmədyarov E.Özoralı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilmiş 23-cü Dünya Enerji Konqresində iştirakı və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü xüsusilə qeyd olunub.

E.Özoral iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edib və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib.

Nazir Azərbaycanın həmişə olduğu kimi, bu məsələdə də Türkiyənin yanında olduğunu diqqətə çatdırıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafının əhəmiyyəti qeyd olunaraq, TANAP layihəsi üzrə işlərin uğurla davam etməsindən məmnunluq ifadə olunub. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə tamamlanacağı vurğulanıb.

E.Özoral iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

E.Məmmədyarov və E.Özoral, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.